28 Ekim 2017 Cumartesi

Gələcəyi olmayanların qorxusu...




Şəmşad Ağa

Bütün avtoritar və qapalı rejimlərin çəkindiyi ən emosional çevrə gənclikdir. Səbəbi isə sadədir; bu tip rejimlərin gələcəyi olmur, onlar keçmişin total və mental ənənələri üzərində manipulyasiya etməyə üstünlük verirlər.

Gənclik isə adətən, bu dar çərçivələrə sığımır. Ona görə də bu tip rejimlər gəncliyə qarı amansız və aqressiv olurlar. 

Tarixən də belə olub. 

Rus çarı Aleksandrdan soruşublar ki, ən böyük düşmənin kimdir? Cavabı təxminən belə olub: küçədə gördüyüm hər bir gənc... 

Ötən gün daha bir gəncin oğurlanmasının şahidi olduq, amma bu dəfə "girovu” orduya göndərdilər. 

Söhbət Nida Vətəndaş Hərəkatının üzvü Ülvi Həsənlidən gedir. 

Müayinəyə getdiyi xəstəxanada hərbi polis tərəfindən saxlanlaraq, zorla orduya, özü də də cəbhə bölgəsində göndərilib. 

İşin absurd tərəfi isə odur ki, Azərbaycanda hərbi xidmətə çağırışın müddəti hələ bitməyib və hərbi xidmətə çağırış bitmədiyi halda çağırışçını orduya zorakı yola aparırlar. 

Hakimiyyət insanları cəzalandırmaq üçün bu metoddan əvvəllər də istifadə edib, bütün dövlət qurumları kimi, orduya da, təəssüf ki, "cərimə batalyonu"nu kimi baxılıb…

Ülvi Həsənli də "cərimə batalyonu”na göndərilən növbəti qurbanıdır. Onun bu şəkildə saxlanılaraq orduya aparılması, şübhəsiz ki, rəhbərlik etdiyi media orqanına və siyasi fəaliyyətinə görədir. 

Ülvi ölkənin mübariz gənclərindəndir. Belə gənclər harada olmasından asılı olmayaraq, vətənin əsgərləridir. 

Qoqol deyirdi: "Gənclik ona görə xoşbəxtdir ki, onun gələcəyi var”.

Gələcəyi olmayanlar da məhz bundan qorxurlar… 


14 Ekim 2017 Cumartesi

Zindanların günəşi

Zindanların günəşi 


Zindanlar, 21-ci əsrin dili ilə desək, həbsxanalar bu günümüzün sınaq imtahanıdır. Çoxları bu imtahanlardan keçə bilmədi, kəsildi, ya da sinifdə qaldı. Bu barədə bir qədər sonra...

Əslində mən bu həbsxana sözü ilə heç vaxt razılaşmamışam, çünki həbsxanalar müəyyən bir dar çərçivəni əhatə edir, amma zidan daha geniş anlayışdır. Yəni zindanlar bəzən heç də 4 divarın və “reşotka”lı qapıdan ibarət deyil. Zindanlar bəzən çayların axdığı, quşların cəh-cəh vurduğu, gündüzlər günəşin, gecələr ayın parıldadığı yerlərdə olur. Soruşacaqsınız ki, heç belə zindanmı olar?! Bəli, var. Baxmayaraq ki, mən də uşaq vaxtı fikirləşirdim...

Kəndimizdə çayın kənarında oturub gözəl mənzərələri seyr edərkən, mən də sizin kimi deyirdim. Amma uşağ olanda...

Həyatı dərk etməyə başlayanda bu əsrarəngiz gözəlliyin içərisində havanın səni necə boğduğunu hiss edirsən.Tər təmiz hava insanı boğur. Amma bəzən gündə insanların oldüyü ,tarixin ən böyük cinayətin törədildiyi Kərbəlada isə hava səni göylərə qaldırır. Baxmayaraq ki, ətraf məhv edilib. Bax o hava əsrlər öncə azadlığın zülm üzərində qələbə çaldığı hava idi. Bəli o, azadlıq havasıdır...

Azərbaycanda dünyaya göz açdığımızdan, təəssüf ki, biz o havadan mərhumuq. Daha dəqiq desək, 25 ildir ki, azadlıq havasının, işığının qarşısını hörümçək toru tək bürünən duman alıb. Müxtəlif dövrlərdə bu dumana qarşı mübarizə olsa da, nəticə olmayıb...

Diktatura dumanını qovmaq üçün təkcə mübarizə yetərli deyil, həm də nəsillər dəyişməli, günəş qrubdan yox, yenidən üfüqdən doğmalıdır. Çünki qrubda olan günəş – mübarizə qoşalmış günəşdir, əvvəlki enerjisi olmur. Yəni artıq qocalmış günəşlərin buna gücü çatmadığını anlamalıyıq. Yenidən günəş doğmalıdır və öz parıltısı ilə bu dumanı Azərbaycanın azadlıq səmasından çəkməlidir. Xalq olaraq daima səhər tezdən durub o günəşin doğulmağını elə həsrətlə gözləyir ki...

 Əslində, bu məsələdə başqalarından fərqli olaraq, Tanrını günahlandırmaq fikrim yoxdur, əksinə Tanrıya təşəkkür borcum var...

Xalq olaraq zalımın zülmündən qurtulub müstəqil olduğumuz zaman elə zənn etmişdik ki, müstəqil özüynən bərabər azadlıq havasını gətirəcək. Amma gətirmədi. Dağıtdı, sökdü o umidləri. Bilirsiniz nə ilə dağıtdı? Yerin altından çıxan qara rənglə, alovla, parıldayan qızılla...

Bizim öz əllərimizlə çıxardığımız alov bizi yandırdı, o qara rəng bizi qara günə qoydu, xoşbəxt gələcək naminə çıxardığımız qızıl bizim başımıza dəydi, əzdi keçdi.

Səltənətlər, malikanələr, dəbdəbəli saraylar ucaldı və bu saraylarda yanan işığa baxan kəndlimiz Fatma xala da: “Bir gün məndə o işığı lap yaxından görəcəm”, - deyə-deyə dunyasını dəyişdi. Çoxları ağrı ilə, səfalət içində yaşadı, öldü, tərki-vətən oldu. Onları ağrıdan isə düçar olduqları ağır xəstəliklər, aclıq, səfalət deyildi, qaranlıqda, günəş işığına – azadlığa tamarzı qalaraq, başqa xalqlara qibtə edə-edə öldülər...

Xeyirlə Şərin, işıqla zülmətin, gündüzlə gecənin davası bu gün də davam edir. Günəş qara buludlarla savaşır, ay qaranlığın mühasirəsini yarmağa cəhd edir. Bu gün günəşi və qaranlığı təmdil edənlər var. Dünyanın hər yerində, eləcə də Azərbaycanda...

 Azərbaycan qurtuluşa hamilədir, inqilablar astanasındadır. Bu gün ana müxalifət, ata partiya olduğunu iddia edənlər olsa da, siyasi gündəmə yeni bir mübarizə əzmi formalaşır, yeni bir təşkilat partiyalaşır: REAL.

Bu gün üfüqdən yeni bir günəş doğur – mübarizə havası gəlir. Bu gün o günəşi təmsil edən İlqar Məmmədovdur, duman təmsil edən isə İlham Əliyev...


Günəş doğmağa, duman isə çəkilməyə məhkumdur...

17 Eylül 2017 Pazar

Mən Tanrıya Tanrı da İlham Əliyevə...



Cənab Prezident, sizə arzuların, ümidlərin dəfn olunduğu bir kənddən, bir rayondan və  bir ölkədən yazıram. Fikirləşəcəksiniz ki, savadlılığın 100, yoxsulluğun 5 faiz, milyonların tuğyan etdiyi ölkənin bir rayonunda ümidlər, arzular necə dəfn oluna bilər?

Kaş ki sadaladığınız o rəqəmlər reallığı əks etdirəydi. Əslində, bizim xalq olaraq problemimiz də bu 25 ildə real ola bilməməyimizdədir. Ona görə də, indi mən sizə o dəfn olmuş arzulardan yazmaram, çünki nəinki mənim, hətta yeri laməkan olan Tanrının da o arzuların reallaşmasına ümidi yoxdur.

Məni arzularım bilirsiniz, nə idi? Necə gözəl idi? Uşaqkən AzTv-də baxdığım çiçəklənən, inkişaf edən, “demokratikləşən” Azərbaycanda yaşamaq...

1998-ci ildə atam əlimdən tutaraq: “Oğlum, cənab prezident Heydər Əliyev  Lerikə gəlir, dur gedək”, - demişdi. 

Hə, Həsənağa əminin köhnə UAZ-ı ilə daşlı-kəsəkli yolları qət edib rayona getməyim,  Xanış kişinin qurbanlar kəsdiyi bir prezidentin qəbuluna düşmək, görmək kimi möhtəşəm uşaqlıq arzularım vardı...

Hətta atama sual da vermişdim ki, Heydər Əliyev bizim bu yolları, şüşələri qırıq, damı uçuq məktəbimizi, bir tərəfi sökük uşağ baxçamızı, bir balaca külək əsən kimi qırılan elektrik xətlərini düzəldəcəkmi, yoxsa qaranlığa qərq olan kədimiz heç vaxt aydınlığa çıxmayacaq?

Oysa, “Bala, Heydər Əliyev hər şey edəcək, narahat olma”, - deyərək məni inandırmışdı. O sözlərin deyiliş tərzi hələ də qulaqlarımdan getmir...

Rayondan qayıdanda məğrurluğum isə  özümü bir başqa cür təsirləndirirdi. Axı mənim AzTv-yə baxaraq gözəl məktəblərdə oxumaq istəyim, çiynində daşıdığı odun parçalarını bir kənara atıb, balaca bacımın əlindən tutub  bağçaya aparmaq, rayona xəstəxanaya gedəndə o zəhrimar sifətli həkimlərdən qurtulmaq arzum, polisə gedəndə acı-acı: “Ə sən niyə gəlmisən?”, - deyən zırpı polisdən qurtulmaq arzum var idi...

Olmadı, cənab prezident, olmadı. İllər keçdikcə o arzuları bir-bir əllərimlə dəfn eləməyə başladım. Hətta o yalançı, sırtıq mollanın 3 manat alaraq arzularımızın dəfn olduğu məzarlıqda “Yasin” oxuması da heç yadımdan çıxmır. Arada sinifdə Lazım müəllim həmişə deyirdi ki, umidlər sonda ölür. Amma biz sonumuzu görmədən arzularımızı, ümidlərimizi dəfn elədik...

AzTv-nin dediyi kimi, 25 ildə xəstəxana təmir olundu, amma içərisindəki zəhrimar siffətli həkimlər dəyişmədi. Polisin binası yeniləndi, amma zırpı  polislərin də sayı artdı.  İcra Hakimiyyətinin imarətə bənzər binası inşa olundu, amma sirsifətindən yağ daman məmurlar yenilənmədilər. Hər gün yedilər, dağıtdılar, sökdülər rayonu, nə yol qaldı, nə təhsil, nə mədəniyyət...

Hamısının məhv elədilər və “cənab prezident tapşırıb”, - dedilər.Amma bütün bunlara baxmayaraq, bir zamanlar yenə sizdən umid gözləyənlər də var idi. Amma o ümidlər də Prezident Aparatına gedən məktublar kimi yenidən geriyə - Lerikə qayıtdı, qaytarıldı...

Bəli, cənab prezident, bilmirdik ki, Rövşən Bağırovlar, Cəlil Baxşiyevlər, Habil Məlikovlar o məktubları əllərində tutub: “Bax, budur gedin, hara şikayət edirsiniz edin”, - deyərək o məzlumları əliboş yenidən daşlı kəsəkli yollarla geri qaytaracaqlar...

Bilirsiniz, cənab Prezident, yadıma nə düşür:  116 manat pensiya alan Fatma nənə də artıq hər çağrılanda rayona getmirdi. Uşaqlıqda bizə gələcək haqqında danışdıqlarına görə utanc hissi duyurdu. Bəlkə də, üzümüzə baxmağa vicdanı ağrıyırdı. Artıq Lazım müəllim də: “Ümidlər sonda ölür”, - demirdi...

Bəlkələr, ümidlər, arzular bitib, cənab prezident... Reallıqlar onları udub.  Necə ola bilər ki, “Möhtərəm” deyə umidləndikləri prezident 7 il idi rayona gedə bilmir. Lerik xarabalığa çevrilib, amma “prezidentin bundan xəbəri yoxdur”, məmurlar xalqı çapıb talayır, amma heç kim səsini çıxarmır?

Lerikə ayrılan milyonlardan sonra Lerikin yolları düzəlmədi, əksinə məmurların evləri saraylaşdı. Bu arada məlum oldu ki, 17 milyonu da “nuş can” ediblər. Lerikə ayrılan milyonlardan sonra icra başçısı və müavinləri iş yerləri açmaqdansa, yeni villalarının açılışını etdilər. Ayrılan milyonlardan sonra Lerikin işığı yanmaqdansa, əksinə qaranlığa qərq oldu. Lerikə ayrılan milyonlardan sonra gənclər təhsili buraxıb Bakıda daş karxanalarına üz tutdular. Artıq həmişə əl açıb kömək istədikləri Tanrıdan da ümidlərini üzüblər. Axı 83 yaşlı Baş nazirə dəyməyən tanrı 50 yaşlı Rövşən Bağırova, 58 yaşlı Cəlil Baxşiyevəmi dəyəcəkdi? Bax bu da real görsənmirdi. Bilirəm sizin bundan, bəlkə də, yenə xəbəriniz olmayacaq. Artıq leriklilərində bir ümid yeri, xəbər edəcəkləri bir yer, ünvan qalmayıb.

Bilirəm,  siz ümidləri dəfn edilən məni, mən Tanrını və Tanrı da Azərbaycanı bağışlamayacaq.


Hörmətlə: Lerikli gənc Azər Kazımzadə


24 Haziran 2017 Cumartesi

7 MİN MÜƏLLİM İŞDƏN AZAD OLUNUB??

                                 

     Müəllimlərlə bağlı Mikayıl Cabbarova vacib                                      müraciət





2011-ci ildən bəri imtahansız işə qəbul olunan müəllimlərin işdən kənarlaşdırılacağı barədə əvvəl də fikirlər dolaşırdı. Son həftələr isə artıq bu reallaşdı və 7000-dən artıq müəllim işsiz qaldı. Həmin müəllimlərin arasında pedoqogika sahəsində kifayət qədər təcrübəsi olanları da var. Təhsilimiz bu müəllimlərin sıradan çıxarılması ilə irəliləyişini itirmirmi? Bu il müəllim işləyənlər üçün nəzərdə tutlan vakansiya yeri ötən illərdən 3 dəfə çoxdur. Bu da dediyimiz kimi müəllim sıralarının seyrəlməsi ilə əlaqədardır. Karyera Tədris və Araşdırmalar Mərkəzinin direktoru, tanınmış təhsil işçisi Elşən Qafarov mövcud vəziyyətlə bağlı Təhsil Naziri Mikayıl Cabbarova video müraciət ünvanlayıb.

29 Mayıs 2017 Pazartesi

SÖZÜN BİTDİYİ AN


SÖZÜN BİTDİYİ AN

Talış Mədəniyyət Mərkəzinin sədri Rafiq Cəlilovun bu günkü durumunun səbəbi uzun illərə gedib çıxır, o illər barədə yazmayacam, çünki Rafiq Cəlilova qarşı aparılan məkrli plan çox aşkar bilinsə də, bu plan gizlində həyata keçirilib və bu gün o şəxslərə nəyi isə sübut etmək çox çətin olacaq, ona görə də mən, Talış Mədəniyyət Mərkəzinə hakimiyyətin adamı kimi daxil edilmiş Şahin Mirzəli barədə yazacam.
Şahin Mirzəli müsavatçı olaraq heç vaxt talış məsələsində olmayıb. Hətta Müsavat partiyası Hilal Məmmədovu açıq müdafiə etdiyi anlarda belə Şahin Mirzəli bir dəfə də olsun Hilal Məmmədovun məhkəməsində iştirak etməyib, məhkəmədə iştirakı o yana qalsın, heç Hilal Məmmədovun günahsız həbsinə qarşı bircə cümlə belə işlətməyib. Görəsən nə dəyişdi ki, Şahin Mirzəli müsavatçılığını talışçılığa dəyişdi? Çox guman ki, Müsavat partiyasında onun məkrli planlarından agah olub, onu partiyadan xaric ediblər. Bu planları o Talış Mədəniyyət Mərkəzində “sınaqdan” keçirtmək qərarına gəlir. İlk olaraq onun məkrindən Talış Mədəniyyət Mərkəzinin sədri Rafiq Cəlilov agah olur və onu daima Mədəniyyət Mərkəzindən uzaqda saxlamağa çalişir. Biz bu barədə Rafiq müəllimə irad bildirəndə o, bizi bu cümlə ilə inandırdı ki, “Şahinin respublikadan qaçmaq fikri var və o respublikadan Talış Mədəniyyət Mərkəzinin üzvü kimi qaçsa başımız ağrayacaq”, biz də Rafiq müəllimin bu xəbərdarlığından sonra Şahin Mirzəlinin hərəkətlərinə ciddi fikir verdikdə, Rafiq müəllimin nə qədər dəqiq olduğunu yəqin etdik və Talış Mədəniyyət Mərkəzinin gənc üzvləri olaraq hər vəclə Şahinin Talış Mədəniyyət Mərkəzinin üzvü olmasına əngəl yaradırdıq. Hətta Rafiq müəllim ondan üzvlük üçün ərizəni belə qəbul etməmişdi. Amma hakimiyyətin gücü bizim gücümüz ilə nisbətdə çox olduğu üçün Şahinin Talış Mədəniyyət Mərkəzinə üzv gətirilmə planı müsbət həll olma istiqamətində özünü çox da doğrultmadı. 
2016-cı ilin fevral ayında Talış Mədəniyyət Mərkəzinin sədri Rafiq Cəlilov “Talış Mədəniyyət Mərkəzinin növbəti Konfransının keçirilməsi üçün Təşkilat Komitəsinin yaradılması barədə” Sərəncam verir və Təşkilat Komitəsinin iclasını çağırır. “Gözlənilmədən” (əslində bu gözlənilən idi) iclasa Təşkilat Komitəsinin üzvləri olmayan Seyran Dadaşov və Şahin Mirzəli də təşrif buyururlar və Təşkilat Komitəsinin üzvü Mehdibəy Səfərov bu şəxslərin də Təşkilat Komitəsinə salınmasını təklif edir və təklif səs çoxluğu ilə keçir. Daha sonra Konfransın ssenarisi bu üçlük – Mehdibəy Səfərov, Seyran Dadaşov və Şahin Mirzəli arasında cızılır, (bu barədə konfransdan sonra Şahin Mirzəli öz feysbuk səhifəsində “Biz Rafiqi necə məğlub etdik” adlı yazısında ətraflı yazır), bu gizli danışıqdan xəbər tutan Rafiq Cəlilov Mehdibəy Səfərov ilə görüşür və Şahin Mirzəlinin Talış Mədəniyyət Mərkəzinin sədri adı ilə respublikadan qaçmaq planının olduğunu ona anladır, amma bu xəbərdarlığa baxmayaraq Mehdibəy Səfərov yenə də həmin iki şəxslə görüşür və Seyran Dadaşovun sədrliyi müqabilində Şahinin Talış Mədəniyyət Mərkəzinin İdarə Heyyətində olmasına razılıq verir. 2016-cı ilin may ayının 1-də Talış Mədəniyyət Mərkəzinin konfransında Şahin Mirzəli Talış Mədəniyyət Mərkəzinin İdarə Heyyətinə seçilir, buna etirazı elə həmin konfransdaca Rafiq Cəlilov bildirir və Talış Mədəniyyət Mərkəzinin hər hansı bir seçkili qurumunda olmaqdan imtina edir. Çox keçmir ki, Talış Mədəniyyət Mərkəzinin işində elə də səriştəsi olmayan yeni sədr – Seyran Dadaşov Talış Mədəniyyət Mərkəzinin gənc üzvlərinin Şahin Mirzəlini Talış Mədəniyyət Mərkəzinin üzvlüyündən xaric edilməsi tələbinə razılıq verir və Şahin Mirzəlinin Talış Mədəniyyət Mərkəzinin üzvlüyünə ərizəsinin olmamasını əsas gətirərək onun İdarə Heyyətindən istefa verməsini tələb edir. Məsələ böyüyür və Lənkəranda Talış Mədəniyyət Mərkəzinin fövqalədə iclası çağırılır və həmin fövqalədə iclasda 01 may 2016-cı il tarixli konfransın bütün qərarları ləğv edilir. Daha sonrası hamıya məlumdur, Talış Mədəniyyət Mərkəzinə növbəti repressiyanı başlatmaq üçün vaxtı fota vermək olmazdı və hakimiyyət Şahin Mirzəlinin Ermənistana qaçması üçün münbit şərait yaradır. 

Şahin Mirzəli Ermənistana qaçandan sonra hakimiyyət ikinci planını işə salır, bu plan “Talış ziyalıları adından hakimiyyətə edilmiş müraciət” olur ki, müraciət müəllifləri həmin müraciəti hər vəclə talış ictimaiyyətindən gizlətməyə çalışırlar. Bir nüsxəsi də Dövlət Təhlükəsizlik Xidmətinə ünvanlanmış müraciətdə “talış ziyalıları” nədənsə “separatçılıq ilə mübarizə” cümləsini daxil edirlər ki, bu cümlə də respublikada Talış separatizminin mövcudluğunu birbaşa təsdiq etmiş olur. Təbii ki, bütün bu məkrli planlar Rafiq Cəlilova yönəldiyi üçün “respublikadakı separatçılar ilə mübarizə” məhz ondan başlanır. (vaxt gələcək həmin müraciət Talış xalqının tarixində qara ləkə kimi yad ediləcək və o müraciətdə adları olanlar “Talış xalqına pislik etmiş şəxslər” kimi anılacaqlar.) 

Biz Talış gəncləri sosial şəbəkədə Şahin Mirzəlinin Talış Mədəniyyət Mərkəzinin İdarə Heyyətinə “seçdirilməsinə” etiraz edəndə o, Təhminə Babazadə adlı profili ilə bizlərə “cavab” verir, hətta burda da Rafiq Cəlilovu “baltalamağı” unutmurdu, bəs görəsən niyə onun Ermənistana qaçmasına Rafiq Cəlilov cavabdeh olmalıdır? Bəlkə buna səbəb Rafiq Cəlilovun Şahinin Ermənistana qaçmasına ciddi reaksiya verməməsi səbəb olub? İnandırıcı deyil, bu məkrli plan məhz Rafiq Cəlilova qarşı yönəldiyi üçün, istənilən halda hədəfdə elə Rafiq Cəlilov da qalacaqdı!


Bu günlərdə həmin müraciətin “həmmüəllifi”, vəkil Seyran Dadaşov ilə görüşdüm, “separatçı” deyəndə kimləri nəzərdə tutduqlarını soruşdum, Seyran Dadaşovun başa düşüləcək bir cavab verə bilməməsindən belə başa düşdüm ki, o cümlənin müəllifi məhz Mehdibəy Səfərovdur, məktubun bir nüsxəsinin DTX-nə göndərilməsinin təşəbbüsçüsü də, o cümlənin müəllifi də məhz o insandır. Demək sizlər də hakimiyyətin Talış Mədəniyyət Mərkəzinin məhvi planının bilərəkdən iştirakçısısınız və əgər öz şəxsi rifahınızı Talış xalqının mübariz oğlu Rafiq Cəlilovun sıradan çıxarılmasında axtarırsınızsa, demək sizlərə deməyə söz qalmır, bu artıq SÖZÜN BİTDİYİ ANDIR!

21 Mayıs 2017 Pazar

RÜŞVƏTİN YENİ MODELİ-Rafiq Cəlilov yazır



“GÖZƏGÖRÜNMƏZ RÜŞVƏT MODELİ”ndən bəhrələnənlərə ithafən….

….Burnunuzdan gəlsin…

Azərbaycan unikal məmləkətdir. Burada korrupsiya və rüşvətlə “uğurlu” mübarizə gedir. Bu mübarizə o qədər “uğurludur” ki, get-gedə bu məmləkətdə rüşvət vermədən yaşamaq qeyri-mümkün görsənir. Niyə bu qənaətə gəlmişəm? Deyəcəm siz də biləcəksiniz.
Demək rüşvət modelini təkmilləşdirən bütün eksperimentlər nədənsə mənimlə rastlaşır. Bu dəfə də belə oldu. Uzun illərdir ki, rüşvət vermədən I qrup əlillik almaq üçün çarpışıram. Hələ bundan sonra neçə illər çarpışacam, bircə rüşvət modelini təkmilləşdirən Nazirlər Kabineti bilir. Məni tanıyanlar bilirlər ki, məndə hərəkət məhdudiyyəti var, üstəlik bu hərəkət məhdudiyyəti daimi ağrılarla müşayət olunur. Uzun illərdir ki, mənə, TSEK-ə göndərmək üçün “əlillik dərəcəsinin ağırlaşmasını təsdiq edən” göndəriş, müxtəlif: “son illər xəstəxanada yatmamısan”, “sənə I qrup düşmür” tipli bəhanələrlə verilmirdi. Çıxış yolunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət etməkdə gördüm və onların məktubu ilə 2016-cı ilin noyabr ayında Sumqayıtdakı 2 saylı poliklinikada həkim müayinələrindən keçərək, lazım olan göndərişi aldım.  13 noyabr 2016-cı il tarixli göndərişə cavabı isə 2017-ci il 22 fevralda, 3 aydan da artıq müddət keçəndən sonra aldım. (rüşvət vermədiyim üçün o göndərişi cavablandırmaq “maraqsız” olub) Cavab super idi: mən ömürlük II qrup əlil olduğum halda, mənə 5 il müddətinə, yenə də II qrup əlillik təyin edilmişdi. Yenə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayətə getdim. Mənə bildirdilər ki, poliklinika göndərişi düz yazmayıb, get təzədən yazsınlar. (yəqin eyham vurublar ki, göndərişi “yağlı” yazdırmaq üçün “tərləmək” lazımdır) Yenidən 2 saylı poliklinikaya üz tutdum, yenidən göndəriş yazdılar və 17 aprel 2017-ci il tarixli protokola əsasən “gözəgörünməz ekspertlər”, bilə bilə ki, mən ömürlük II qrup əliləm, mənə yenə də 5 il müddətinə II qrup əlillik təyin etdilər. Həmin arayışı götürüb, 28 aprel tarixində yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayətə getdim. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ekspert-həkimi “sənə I qrup düşür, amma nə edək ki, qrupu təyin edənlər səni görmürlər, görsə idilər düşünmədən sənə I qrup təyin edərdilər, sən yenə də poliklinikaya get, qoy təzədən göndəriş yazsınlar” desə də, mənim israrlı olduğumu görüb, şikayətimi yazılı qaydada qəbul etdi.
Həmin şikayətə cavab almaq üçün 03 mayda üz tutdum Dövlət Tibbi-Sosial və Reabilitasiya Xidmətinə. Həmin xidmətdə də dərdimi deməyə adam tapmadım, baxmayaraq ki, xidmətin rəisi və müavinləri yerlərində idilər və bekarçılıqdan milçək qovurdular. Həmin xidmətdə sıravi bir həkim, Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli 446 N:-li Qərarını əlində dəstəvuz edərək, şikayətçilərin şikayətini şifahi cavablandıraraq, açıq-aşkar “işinizi poliklinika ilə görün” deyirdi. Mənim də növbəm çatdı, eyni – bizim əlimizdə heç bir səlahiyyət yoxdur, siz yenə də polilinika ilə əlaqə saxlayın – tipli nağılları mənə danışan həkimdən özünü təqdim etməyi xahiş etdim. Bayaqdan şikayətçiləri qəbul edən “səlahiyyətli” şəxs, nədənsə özünü təqdim etməkdən imtina etdi və mənim israrlı olduğumu görüb, məni, rəisin və onun müavinləri orada olduğu halda, “ümumi şöbə” deyilən digər kabinetə göndərdi. Digər kabinetdə mənim 28 aprel tarixli şikayətimin cavabını tapanacan, kabinetdə oturan həkimlə kiçik bir dialoqum oldu.
– Doktor, mən rüşvət verə bilmirəm deyə mənə bilərəkdən I qrup təyin edilmir, bəs mən dərdimi kimə deyim?
– Heç kimə, bizim bütün səlahiyyətlərimiz əlimizdən alınıb.
– Əgər sizin heç bir səlahiyyətiniz yoxdursa, bu qədər işçi nə ilə məşğuldur?
– …. (cavab yoxdur)
– Başa düşdüm, havayı yem yeridir, yaxşı, dərdimi deməyə instansiya yoxdursa, bəs mən indi nə edim?
– Yenə də poliklinikaya yaxınlaş, biz onların yazdıqlarını yoxlamaq iqtidarında deyilik…
– Birdən poliklinika səhv yazdı, məsələn sağlam adam götürüb 3 min rüşvət verdi və poliklinika da yazdı ki, onun ayağı və ya böyrəyi yoxdur, siz də gözəgörünməz adamlarınız ilə ona əlillik təyin etdiz, bəs həqiqət harada qaldı?
– Əgər poliklinika yazsa ki, onun hər hansı bir orqanı yoxdur, onu heç kim yoxlamayacaq.
– Sizcə bu belə də olmalıdır?
– Bu Qanun başdan-ayağa səhvdir, neyləyə bilərik ki?
– Demək poliklinikalar ilə sizin xidmət “gözəgörünməz rüşvət modeli” icad etmisiz, bu Qanun da karınıza gəlir, sağlam adam pul gücünə əlillik alır, amma mənim kimi həqiqi əlillər rüşvət vermədikləri üçün qıraqda qalırlar.
– Daha özün hər şeyi dedin də….
Elə bu vaxt Dövlət Tibbi-Sosial və Reabilitasiya Xidmətinin rəis müavini Məmməd Xasıyevin imzası ilə 01 may 2017-ci il tarixli cavab mənə təqdim olundu və mən də başımıza bəla olan bu xidmətdən kor-peşiman geri döndüm.
Nə deyilir həmin cavabda? Həmin cavabda, bütün dövlət idarələrindən alınan cavablarda olduğu kimi anlaqlı heç nə deyilmir, ən dəhşətlisi isə odur ki, mən səhhətimin ağırlaşması ucbatından uzun illərdir ki, bu Xidmətə şikayətçi olduğum halda, bunlar cavabda “gələcəkdə səhhətinizdə ağırlaşma əmələ gələrsə…” kimi cümlə də işlədiblər. Demək bu adamlar, rüşvət vermədiyim üçün, özlərinə əziyyət verib heç mənim şikayətimi oxumayıblar da, elə standart cavab verməklə kifayətləniblər.
Gəlin nəticə çıxardaq:
  1. Rüşvət verməyə pulun yoxdursa heç bir dövlət idarəsinə müraciət eləmə, onsuz da müraciət baxılmamış qalacaq
  2. Rüşvət verməyə pulun varsa, hətta sağlamsansa da, çəkinmədən poliklinikaya yaxınlaşıb, puluvu verib, puluvun müqabilində əlillik dərəcəsi alacaqsan. Poliklinika həmin məbləği Dövlət Tibbi-Sosial və Reabilitasiya Xidmətinin yerli şöbəsi ilə bölür və sənə “gözün üstündə qaşın var” deyən tapılmayacaq.
  3. Bu cür vəziyyətlə barışmayıb, şikayətçi olacaqsansa, özünə hədərə əziyyət vermə, ayların illərə qarışacaq və heç nə də dəyişməyəcək, çünki artıq “balıq başdan iylənib”.
İndi mən həmin “gözəgörünməz rüşvət modelini” icad edən şəxslərə – Baş Nazir Artur Rəsizadəyə, Səhiyyə Naziri Oqtay Şirəliyevə və ƏƏSM-si Naziri Səlim Müslümova səslənirəm. Mənim rüşvət verməyə nə pulum var, nə də ki, əqidəm buna yol vermir, sizlər də  rüşvətsiz mənə I qrup əlillik vermək istəmirsiz, mən nə edim? Bəlkə dövlət başçısından xahiş edim ki, sizə rüşvət vermək üçün “Prezidentin Ehtiyyat Fondundan” maliyyə ayırsın? Bəlkə SOCAR Prezidenti Rövnəq müəllimdən xahiş edim ki, YAP-ın 24 illik hakimiyyəti dövründə payıma düşən neft pullarından bir az ayırsın ki, sizlərə rüşvət verib, halal I qrup əlilliyimi alım? Yox, bəlkə ən yaxşısı odur ki, mən ingilis dilində dünya ictimaiyyətinə müraciət edib, sizlərin “gözəgörünməz rüşvət modelini” təbliğ edim? Axı Milli Məclisdə Siyavuş Novruzov onlara səslənmişdi: “gəlin bizdən öyrənin”, mən də sizin bu analoqu olmayan “gözəgörünməz rüşvət modelini” təbliğ etməklə, Azərbaycanı təbliğ etmiş sayılmayacammı?  Ey, rüşvəti icad edənlərə rəhmət oxutduranlar, mənə məsləhət verin: mən nə edim?
Rafiq Cəlilov-Tolışon Sədo qazetinin baş redaktoru

11 Mayıs 2017 Perşembe

TALIŞIN HALAL HAQQI-Rafiq Cəlilov yazır



Rəvayət edirlər ki, Kəbədə gəzişən bir gənc bir pul kisəsi tapır, qırağa çəkilir, pul kisəsini açır və içində min ədəd qızıl sikkəsinin olduğunu görür. İlk olaraq gənc bu pulları öz maddi vəziyyətinin yaxşılaşdırması üçün sərf etmək qərarına gəlir, lakin sonra fikrindən daşınır və həmin yerə qayıdır. Bir az keçməmiş görür ki, bir yaşlı kişi nə üçünsə gəzir. Əlqərəz, həmin yaşlı kişi pul kisəsinin nişanələrini və içindəki pulun sayını dəqiq deyəndən sonra, gənc pul kisəsini ona qaytarır. Ağsaqqal, öz növbəsində minnətdarlıq əlaməti olaraq həmin puldan otuz ədəd qızıl sikkəni gəncə hədiyyə edir və gənc üz tutur bazara. Bazarda bir nurani simalı və səliqə-səhmanla geyinmiş qulun satıldığını görən gənc, otuz qızılı verib həmin qulu alır. Qul 6 il bu gənclə yaşayır, ona hər cür köməkliklər edir və bir gün küçədə gənc ilə qulun qarşısını üç nəfər atlı kəsir. Qul dərhal gəncin qulağına deyir:
– Ağa, mən sizə deməmişdim, mən qonşu məmləkətin hakiminin oğluyam, bunlar mənim dalımca gəliblər, məni səndən alacaqlar, məni ucuz satma, otuz min qızıl istə.
Əlqərəz, altmış qızıldan başlayan sövda otuz min qızılda dayanır və gənc qulu bunlara satır, öz qulu ilə halallaşan gənc özü üçün iş qurur, uğurlu iş adamına çevrilir. Bir müddətdən sonra gəncin qohum-əqrabası ona yaxşı bir qız ilə evlənmək təklifi verirlər. Qız ilə görüşən gənc qızı bəyənir və ailə həyatı qururlar. Qızın cehizləri içində gənc yeddi il əvvəl Kəbədə tapdığı pul kisəsini də görür və bu pul kisəsi haqqında qızdan soruşur. Qız “babam rəhmətə gedəndə bu pul kisəsini içindəki 970 qızıl ilə mənə vəsiyyət etmişdi” deyir. Gənc fikrə gedir və özü-özünə deyir: “demək o min qızıl mənim qismətim imiş, şeytana uyub o vaxt da onu götürə bilərdim, amma onda pul mənim halalım olmazdı, mən Allahın buyurduğunu etdim və o pul mənə halal yolla gəldi. Şükür Onun Halallığına”

TALIŞIN MİLLİ RUHU-62


May ayının 1-də Talişin Milli Ruhu, Ustad Şair Əli Nasirin 62 yaşı tamam oldu və bu münasibət ilə Masallının Ğızıləvo kəndində bir ədəbi-bədii məclis düzənləndi. Talışın respublikada fəaliyyət göstərən yazılı mətbuatından nə mən, nə də “Aləm” jurnalının baş redaktoru Vüqar Həmati məclisə dəvət edilməmişdik və biz də “dəvətsiz yeri dar eləmə” prinsipinə sadiq qalaraq, bizimlə bir məclisdə oturmaq istəməyənlərin məclisini korlamamaq üçün həmin tədbirdə iştirak etmədik. Üstəlik biz Bakıda Şairin şəninə düzənlədiyimiz kiçik məclisi də işıqlandırmadıq ki, Ğızıləvoda təşkil edilmiş məclisin əhəmiyyəti azalmasın. “Bizi həmin məclisə niyə dəvət etməmişdilər?” sualı yersizdir, çünki biz bu sualın cavabını bilirik, hər necə olsa da, tədbiri düzənləyənlərə qəzetimiz adından “çox sağ olun” deyirəm. Nə yaxşı ki, varsınız…
…Altmış ikin mübarək Şair!

SÖZARASI



Aprelin 26-da məni Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinə dəvət etdilər. Dəvətin hansı cinayət işi ilə bağlı olduğunu soruşsam da, “gələrsiz, deyərik” cavabını aldım. Zatən nə vaxtsa mənim də “torbamın tikiləcəyinə” hazır olan şəxs kimi, bu barədə heç kəsə heç nə deməyib, üz tutdum həmin İdarəyə. Çox sağ olsunlar, məni çox mədəni və ehtiram ilə qarşıladılar. Orda danışılanların istintaq sirri olduğunu və bu sirri yaymayacağım haqqında iltizam verdiyim üçün, istintaqın mahiyyəti barədə danışmıram. Amma fikir verdim ki, müstəntiq mənə istintaqa aidiyyatı olmayan suallar da verir. İlk olaraq istədim ki, həmin suallara cavab verməyim, amma sonra fikrimdən daşındım. Mənim gizlədəcək heç bir işim yoxdur. Həmin istintaqa aidiyyatı olmayan suallar hansılar idi? Məsələn: Facebook profiliniz özünüzündür? Profilinizdəki bayraq nə bayraqdır və o rənglər nəyi ehtiva edir? “Multigüldüralizm” məqaləsində Niderlandın fliz əhalisindən sitat gətirərək, Azərbaycandakı 1.5 milyondan çox talışın hüquqlarının pozulmasından danışırsız, ayrılmaq fikriniz var? Və bu tipdə istintaqa dəxli olmayan suallar. Başa düşdüm ki, bu suallar gələcəkdə mənim cinayət işimdə də ola bilər və çox guman ki, prokurorluq o istiqamətdə işlər aparır. Cavablarım da təqribən belə oldu: Təbii ki, profil mənimdir və bundan sonra o profilə müdaxilə etməsəniz, ondan sonunacan istifadə edəcəm. FB profilim hamı üçün açıqdır və mən öz fikirlərimi orada paylaşıram. Bu fikirlər nə qədər düzdür, düz deyil, bu ayrı mövzudur. Bayraq Talış Mədəniyyət Mərkəzinin bayrağıdır və onun rəngləri – yaşıl-islamı, qırmızı-müasirliyi, ağ-aliliyi tərənnüm edir. Bəli, mən Azərbaycanın tərkibində Talış muxtariyyatının tərafdarı və bu yöndə mübarizə aparan bir şəxsəm. Azərbaycan gec-tez Avropa modelinə keçməlidir. Talışın inzibati ərazi sərhədləri müəyyən edilmədikcə Talış dili və Talış xalqı assimilyasiya təhlükəsi qarşısındadır və bu təhlükəni ancaq Azərbaycan hakimiyyəti talışların haqqını tanımaqla aradan qaldıra bilər. Bütün dünya sərhədlərdən imtina etdiyi bir vaxtda Azərbaycanda əlavə sərhədə ehtiyac yoxdur, sadəcə inzibati-ərazi göstəricilərində Talış vilayətinin göstərilməsini, təhsilin talış dilində aparılmasını və s. insan hüquq və azadlıqlarını istəyirik.
İstintaqa dəxli olmayan bu sualları və onlara verdiyim cavabları niyə ictimailəşdirdim? Çünki bu dediklərim bizim Xıdo tərəfindən tanınan, amma Azərbaycan Respublikası tərəfindən hələlik tanınmayan halal haqqımızdır və biz gec-tez o Haqqa qovuşacağıq, Halal haqqımız özü gəlib bizə qovuşacaq, çünki biz Onun yazdıqlarından kənara çıxmırıq!
 Rafiq Cəlilov-Tolışon Sədo qazetinin  baş redaktoru