29 Mayıs 2017 Pazartesi

SÖZÜN BİTDİYİ AN


SÖZÜN BİTDİYİ AN

Talış Mədəniyyət Mərkəzinin sədri Rafiq Cəlilovun bu günkü durumunun səbəbi uzun illərə gedib çıxır, o illər barədə yazmayacam, çünki Rafiq Cəlilova qarşı aparılan məkrli plan çox aşkar bilinsə də, bu plan gizlində həyata keçirilib və bu gün o şəxslərə nəyi isə sübut etmək çox çətin olacaq, ona görə də mən, Talış Mədəniyyət Mərkəzinə hakimiyyətin adamı kimi daxil edilmiş Şahin Mirzəli barədə yazacam.
Şahin Mirzəli müsavatçı olaraq heç vaxt talış məsələsində olmayıb. Hətta Müsavat partiyası Hilal Məmmədovu açıq müdafiə etdiyi anlarda belə Şahin Mirzəli bir dəfə də olsun Hilal Məmmədovun məhkəməsində iştirak etməyib, məhkəmədə iştirakı o yana qalsın, heç Hilal Məmmədovun günahsız həbsinə qarşı bircə cümlə belə işlətməyib. Görəsən nə dəyişdi ki, Şahin Mirzəli müsavatçılığını talışçılığa dəyişdi? Çox guman ki, Müsavat partiyasında onun məkrli planlarından agah olub, onu partiyadan xaric ediblər. Bu planları o Talış Mədəniyyət Mərkəzində “sınaqdan” keçirtmək qərarına gəlir. İlk olaraq onun məkrindən Talış Mədəniyyət Mərkəzinin sədri Rafiq Cəlilov agah olur və onu daima Mədəniyyət Mərkəzindən uzaqda saxlamağa çalişir. Biz bu barədə Rafiq müəllimə irad bildirəndə o, bizi bu cümlə ilə inandırdı ki, “Şahinin respublikadan qaçmaq fikri var və o respublikadan Talış Mədəniyyət Mərkəzinin üzvü kimi qaçsa başımız ağrayacaq”, biz də Rafiq müəllimin bu xəbərdarlığından sonra Şahin Mirzəlinin hərəkətlərinə ciddi fikir verdikdə, Rafiq müəllimin nə qədər dəqiq olduğunu yəqin etdik və Talış Mədəniyyət Mərkəzinin gənc üzvləri olaraq hər vəclə Şahinin Talış Mədəniyyət Mərkəzinin üzvü olmasına əngəl yaradırdıq. Hətta Rafiq müəllim ondan üzvlük üçün ərizəni belə qəbul etməmişdi. Amma hakimiyyətin gücü bizim gücümüz ilə nisbətdə çox olduğu üçün Şahinin Talış Mədəniyyət Mərkəzinə üzv gətirilmə planı müsbət həll olma istiqamətində özünü çox da doğrultmadı. 
2016-cı ilin fevral ayında Talış Mədəniyyət Mərkəzinin sədri Rafiq Cəlilov “Talış Mədəniyyət Mərkəzinin növbəti Konfransının keçirilməsi üçün Təşkilat Komitəsinin yaradılması barədə” Sərəncam verir və Təşkilat Komitəsinin iclasını çağırır. “Gözlənilmədən” (əslində bu gözlənilən idi) iclasa Təşkilat Komitəsinin üzvləri olmayan Seyran Dadaşov və Şahin Mirzəli də təşrif buyururlar və Təşkilat Komitəsinin üzvü Mehdibəy Səfərov bu şəxslərin də Təşkilat Komitəsinə salınmasını təklif edir və təklif səs çoxluğu ilə keçir. Daha sonra Konfransın ssenarisi bu üçlük – Mehdibəy Səfərov, Seyran Dadaşov və Şahin Mirzəli arasında cızılır, (bu barədə konfransdan sonra Şahin Mirzəli öz feysbuk səhifəsində “Biz Rafiqi necə məğlub etdik” adlı yazısında ətraflı yazır), bu gizli danışıqdan xəbər tutan Rafiq Cəlilov Mehdibəy Səfərov ilə görüşür və Şahin Mirzəlinin Talış Mədəniyyət Mərkəzinin sədri adı ilə respublikadan qaçmaq planının olduğunu ona anladır, amma bu xəbərdarlığa baxmayaraq Mehdibəy Səfərov yenə də həmin iki şəxslə görüşür və Seyran Dadaşovun sədrliyi müqabilində Şahinin Talış Mədəniyyət Mərkəzinin İdarə Heyyətində olmasına razılıq verir. 2016-cı ilin may ayının 1-də Talış Mədəniyyət Mərkəzinin konfransında Şahin Mirzəli Talış Mədəniyyət Mərkəzinin İdarə Heyyətinə seçilir, buna etirazı elə həmin konfransdaca Rafiq Cəlilov bildirir və Talış Mədəniyyət Mərkəzinin hər hansı bir seçkili qurumunda olmaqdan imtina edir. Çox keçmir ki, Talış Mədəniyyət Mərkəzinin işində elə də səriştəsi olmayan yeni sədr – Seyran Dadaşov Talış Mədəniyyət Mərkəzinin gənc üzvlərinin Şahin Mirzəlini Talış Mədəniyyət Mərkəzinin üzvlüyündən xaric edilməsi tələbinə razılıq verir və Şahin Mirzəlinin Talış Mədəniyyət Mərkəzinin üzvlüyünə ərizəsinin olmamasını əsas gətirərək onun İdarə Heyyətindən istefa verməsini tələb edir. Məsələ böyüyür və Lənkəranda Talış Mədəniyyət Mərkəzinin fövqalədə iclası çağırılır və həmin fövqalədə iclasda 01 may 2016-cı il tarixli konfransın bütün qərarları ləğv edilir. Daha sonrası hamıya məlumdur, Talış Mədəniyyət Mərkəzinə növbəti repressiyanı başlatmaq üçün vaxtı fota vermək olmazdı və hakimiyyət Şahin Mirzəlinin Ermənistana qaçması üçün münbit şərait yaradır. 

Şahin Mirzəli Ermənistana qaçandan sonra hakimiyyət ikinci planını işə salır, bu plan “Talış ziyalıları adından hakimiyyətə edilmiş müraciət” olur ki, müraciət müəllifləri həmin müraciəti hər vəclə talış ictimaiyyətindən gizlətməyə çalışırlar. Bir nüsxəsi də Dövlət Təhlükəsizlik Xidmətinə ünvanlanmış müraciətdə “talış ziyalıları” nədənsə “separatçılıq ilə mübarizə” cümləsini daxil edirlər ki, bu cümlə də respublikada Talış separatizminin mövcudluğunu birbaşa təsdiq etmiş olur. Təbii ki, bütün bu məkrli planlar Rafiq Cəlilova yönəldiyi üçün “respublikadakı separatçılar ilə mübarizə” məhz ondan başlanır. (vaxt gələcək həmin müraciət Talış xalqının tarixində qara ləkə kimi yad ediləcək və o müraciətdə adları olanlar “Talış xalqına pislik etmiş şəxslər” kimi anılacaqlar.) 

Biz Talış gəncləri sosial şəbəkədə Şahin Mirzəlinin Talış Mədəniyyət Mərkəzinin İdarə Heyyətinə “seçdirilməsinə” etiraz edəndə o, Təhminə Babazadə adlı profili ilə bizlərə “cavab” verir, hətta burda da Rafiq Cəlilovu “baltalamağı” unutmurdu, bəs görəsən niyə onun Ermənistana qaçmasına Rafiq Cəlilov cavabdeh olmalıdır? Bəlkə buna səbəb Rafiq Cəlilovun Şahinin Ermənistana qaçmasına ciddi reaksiya verməməsi səbəb olub? İnandırıcı deyil, bu məkrli plan məhz Rafiq Cəlilova qarşı yönəldiyi üçün, istənilən halda hədəfdə elə Rafiq Cəlilov da qalacaqdı!


Bu günlərdə həmin müraciətin “həmmüəllifi”, vəkil Seyran Dadaşov ilə görüşdüm, “separatçı” deyəndə kimləri nəzərdə tutduqlarını soruşdum, Seyran Dadaşovun başa düşüləcək bir cavab verə bilməməsindən belə başa düşdüm ki, o cümlənin müəllifi məhz Mehdibəy Səfərovdur, məktubun bir nüsxəsinin DTX-nə göndərilməsinin təşəbbüsçüsü də, o cümlənin müəllifi də məhz o insandır. Demək sizlər də hakimiyyətin Talış Mədəniyyət Mərkəzinin məhvi planının bilərəkdən iştirakçısısınız və əgər öz şəxsi rifahınızı Talış xalqının mübariz oğlu Rafiq Cəlilovun sıradan çıxarılmasında axtarırsınızsa, demək sizlərə deməyə söz qalmır, bu artıq SÖZÜN BİTDİYİ ANDIR!

21 Mayıs 2017 Pazar

RÜŞVƏTİN YENİ MODELİ-Rafiq Cəlilov yazır



“GÖZƏGÖRÜNMƏZ RÜŞVƏT MODELİ”ndən bəhrələnənlərə ithafən….

….Burnunuzdan gəlsin…

Azərbaycan unikal məmləkətdir. Burada korrupsiya və rüşvətlə “uğurlu” mübarizə gedir. Bu mübarizə o qədər “uğurludur” ki, get-gedə bu məmləkətdə rüşvət vermədən yaşamaq qeyri-mümkün görsənir. Niyə bu qənaətə gəlmişəm? Deyəcəm siz də biləcəksiniz.
Demək rüşvət modelini təkmilləşdirən bütün eksperimentlər nədənsə mənimlə rastlaşır. Bu dəfə də belə oldu. Uzun illərdir ki, rüşvət vermədən I qrup əlillik almaq üçün çarpışıram. Hələ bundan sonra neçə illər çarpışacam, bircə rüşvət modelini təkmilləşdirən Nazirlər Kabineti bilir. Məni tanıyanlar bilirlər ki, məndə hərəkət məhdudiyyəti var, üstəlik bu hərəkət məhdudiyyəti daimi ağrılarla müşayət olunur. Uzun illərdir ki, mənə, TSEK-ə göndərmək üçün “əlillik dərəcəsinin ağırlaşmasını təsdiq edən” göndəriş, müxtəlif: “son illər xəstəxanada yatmamısan”, “sənə I qrup düşmür” tipli bəhanələrlə verilmirdi. Çıxış yolunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət etməkdə gördüm və onların məktubu ilə 2016-cı ilin noyabr ayında Sumqayıtdakı 2 saylı poliklinikada həkim müayinələrindən keçərək, lazım olan göndərişi aldım.  13 noyabr 2016-cı il tarixli göndərişə cavabı isə 2017-ci il 22 fevralda, 3 aydan da artıq müddət keçəndən sonra aldım. (rüşvət vermədiyim üçün o göndərişi cavablandırmaq “maraqsız” olub) Cavab super idi: mən ömürlük II qrup əlil olduğum halda, mənə 5 il müddətinə, yenə də II qrup əlillik təyin edilmişdi. Yenə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayətə getdim. Mənə bildirdilər ki, poliklinika göndərişi düz yazmayıb, get təzədən yazsınlar. (yəqin eyham vurublar ki, göndərişi “yağlı” yazdırmaq üçün “tərləmək” lazımdır) Yenidən 2 saylı poliklinikaya üz tutdum, yenidən göndəriş yazdılar və 17 aprel 2017-ci il tarixli protokola əsasən “gözəgörünməz ekspertlər”, bilə bilə ki, mən ömürlük II qrup əliləm, mənə yenə də 5 il müddətinə II qrup əlillik təyin etdilər. Həmin arayışı götürüb, 28 aprel tarixində yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayətə getdim. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ekspert-həkimi “sənə I qrup düşür, amma nə edək ki, qrupu təyin edənlər səni görmürlər, görsə idilər düşünmədən sənə I qrup təyin edərdilər, sən yenə də poliklinikaya get, qoy təzədən göndəriş yazsınlar” desə də, mənim israrlı olduğumu görüb, şikayətimi yazılı qaydada qəbul etdi.
Həmin şikayətə cavab almaq üçün 03 mayda üz tutdum Dövlət Tibbi-Sosial və Reabilitasiya Xidmətinə. Həmin xidmətdə də dərdimi deməyə adam tapmadım, baxmayaraq ki, xidmətin rəisi və müavinləri yerlərində idilər və bekarçılıqdan milçək qovurdular. Həmin xidmətdə sıravi bir həkim, Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli 446 N:-li Qərarını əlində dəstəvuz edərək, şikayətçilərin şikayətini şifahi cavablandıraraq, açıq-aşkar “işinizi poliklinika ilə görün” deyirdi. Mənim də növbəm çatdı, eyni – bizim əlimizdə heç bir səlahiyyət yoxdur, siz yenə də polilinika ilə əlaqə saxlayın – tipli nağılları mənə danışan həkimdən özünü təqdim etməyi xahiş etdim. Bayaqdan şikayətçiləri qəbul edən “səlahiyyətli” şəxs, nədənsə özünü təqdim etməkdən imtina etdi və mənim israrlı olduğumu görüb, məni, rəisin və onun müavinləri orada olduğu halda, “ümumi şöbə” deyilən digər kabinetə göndərdi. Digər kabinetdə mənim 28 aprel tarixli şikayətimin cavabını tapanacan, kabinetdə oturan həkimlə kiçik bir dialoqum oldu.
– Doktor, mən rüşvət verə bilmirəm deyə mənə bilərəkdən I qrup təyin edilmir, bəs mən dərdimi kimə deyim?
– Heç kimə, bizim bütün səlahiyyətlərimiz əlimizdən alınıb.
– Əgər sizin heç bir səlahiyyətiniz yoxdursa, bu qədər işçi nə ilə məşğuldur?
– …. (cavab yoxdur)
– Başa düşdüm, havayı yem yeridir, yaxşı, dərdimi deməyə instansiya yoxdursa, bəs mən indi nə edim?
– Yenə də poliklinikaya yaxınlaş, biz onların yazdıqlarını yoxlamaq iqtidarında deyilik…
– Birdən poliklinika səhv yazdı, məsələn sağlam adam götürüb 3 min rüşvət verdi və poliklinika da yazdı ki, onun ayağı və ya böyrəyi yoxdur, siz də gözəgörünməz adamlarınız ilə ona əlillik təyin etdiz, bəs həqiqət harada qaldı?
– Əgər poliklinika yazsa ki, onun hər hansı bir orqanı yoxdur, onu heç kim yoxlamayacaq.
– Sizcə bu belə də olmalıdır?
– Bu Qanun başdan-ayağa səhvdir, neyləyə bilərik ki?
– Demək poliklinikalar ilə sizin xidmət “gözəgörünməz rüşvət modeli” icad etmisiz, bu Qanun da karınıza gəlir, sağlam adam pul gücünə əlillik alır, amma mənim kimi həqiqi əlillər rüşvət vermədikləri üçün qıraqda qalırlar.
– Daha özün hər şeyi dedin də….
Elə bu vaxt Dövlət Tibbi-Sosial və Reabilitasiya Xidmətinin rəis müavini Məmməd Xasıyevin imzası ilə 01 may 2017-ci il tarixli cavab mənə təqdim olundu və mən də başımıza bəla olan bu xidmətdən kor-peşiman geri döndüm.
Nə deyilir həmin cavabda? Həmin cavabda, bütün dövlət idarələrindən alınan cavablarda olduğu kimi anlaqlı heç nə deyilmir, ən dəhşətlisi isə odur ki, mən səhhətimin ağırlaşması ucbatından uzun illərdir ki, bu Xidmətə şikayətçi olduğum halda, bunlar cavabda “gələcəkdə səhhətinizdə ağırlaşma əmələ gələrsə…” kimi cümlə də işlədiblər. Demək bu adamlar, rüşvət vermədiyim üçün, özlərinə əziyyət verib heç mənim şikayətimi oxumayıblar da, elə standart cavab verməklə kifayətləniblər.
Gəlin nəticə çıxardaq:
  1. Rüşvət verməyə pulun yoxdursa heç bir dövlət idarəsinə müraciət eləmə, onsuz da müraciət baxılmamış qalacaq
  2. Rüşvət verməyə pulun varsa, hətta sağlamsansa da, çəkinmədən poliklinikaya yaxınlaşıb, puluvu verib, puluvun müqabilində əlillik dərəcəsi alacaqsan. Poliklinika həmin məbləği Dövlət Tibbi-Sosial və Reabilitasiya Xidmətinin yerli şöbəsi ilə bölür və sənə “gözün üstündə qaşın var” deyən tapılmayacaq.
  3. Bu cür vəziyyətlə barışmayıb, şikayətçi olacaqsansa, özünə hədərə əziyyət vermə, ayların illərə qarışacaq və heç nə də dəyişməyəcək, çünki artıq “balıq başdan iylənib”.
İndi mən həmin “gözəgörünməz rüşvət modelini” icad edən şəxslərə – Baş Nazir Artur Rəsizadəyə, Səhiyyə Naziri Oqtay Şirəliyevə və ƏƏSM-si Naziri Səlim Müslümova səslənirəm. Mənim rüşvət verməyə nə pulum var, nə də ki, əqidəm buna yol vermir, sizlər də  rüşvətsiz mənə I qrup əlillik vermək istəmirsiz, mən nə edim? Bəlkə dövlət başçısından xahiş edim ki, sizə rüşvət vermək üçün “Prezidentin Ehtiyyat Fondundan” maliyyə ayırsın? Bəlkə SOCAR Prezidenti Rövnəq müəllimdən xahiş edim ki, YAP-ın 24 illik hakimiyyəti dövründə payıma düşən neft pullarından bir az ayırsın ki, sizlərə rüşvət verib, halal I qrup əlilliyimi alım? Yox, bəlkə ən yaxşısı odur ki, mən ingilis dilində dünya ictimaiyyətinə müraciət edib, sizlərin “gözəgörünməz rüşvət modelini” təbliğ edim? Axı Milli Məclisdə Siyavuş Novruzov onlara səslənmişdi: “gəlin bizdən öyrənin”, mən də sizin bu analoqu olmayan “gözəgörünməz rüşvət modelini” təbliğ etməklə, Azərbaycanı təbliğ etmiş sayılmayacammı?  Ey, rüşvəti icad edənlərə rəhmət oxutduranlar, mənə məsləhət verin: mən nə edim?
Rafiq Cəlilov-Tolışon Sədo qazetinin baş redaktoru

11 Mayıs 2017 Perşembe

TALIŞIN HALAL HAQQI-Rafiq Cəlilov yazır



Rəvayət edirlər ki, Kəbədə gəzişən bir gənc bir pul kisəsi tapır, qırağa çəkilir, pul kisəsini açır və içində min ədəd qızıl sikkəsinin olduğunu görür. İlk olaraq gənc bu pulları öz maddi vəziyyətinin yaxşılaşdırması üçün sərf etmək qərarına gəlir, lakin sonra fikrindən daşınır və həmin yerə qayıdır. Bir az keçməmiş görür ki, bir yaşlı kişi nə üçünsə gəzir. Əlqərəz, həmin yaşlı kişi pul kisəsinin nişanələrini və içindəki pulun sayını dəqiq deyəndən sonra, gənc pul kisəsini ona qaytarır. Ağsaqqal, öz növbəsində minnətdarlıq əlaməti olaraq həmin puldan otuz ədəd qızıl sikkəni gəncə hədiyyə edir və gənc üz tutur bazara. Bazarda bir nurani simalı və səliqə-səhmanla geyinmiş qulun satıldığını görən gənc, otuz qızılı verib həmin qulu alır. Qul 6 il bu gənclə yaşayır, ona hər cür köməkliklər edir və bir gün küçədə gənc ilə qulun qarşısını üç nəfər atlı kəsir. Qul dərhal gəncin qulağına deyir:
– Ağa, mən sizə deməmişdim, mən qonşu məmləkətin hakiminin oğluyam, bunlar mənim dalımca gəliblər, məni səndən alacaqlar, məni ucuz satma, otuz min qızıl istə.
Əlqərəz, altmış qızıldan başlayan sövda otuz min qızılda dayanır və gənc qulu bunlara satır, öz qulu ilə halallaşan gənc özü üçün iş qurur, uğurlu iş adamına çevrilir. Bir müddətdən sonra gəncin qohum-əqrabası ona yaxşı bir qız ilə evlənmək təklifi verirlər. Qız ilə görüşən gənc qızı bəyənir və ailə həyatı qururlar. Qızın cehizləri içində gənc yeddi il əvvəl Kəbədə tapdığı pul kisəsini də görür və bu pul kisəsi haqqında qızdan soruşur. Qız “babam rəhmətə gedəndə bu pul kisəsini içindəki 970 qızıl ilə mənə vəsiyyət etmişdi” deyir. Gənc fikrə gedir və özü-özünə deyir: “demək o min qızıl mənim qismətim imiş, şeytana uyub o vaxt da onu götürə bilərdim, amma onda pul mənim halalım olmazdı, mən Allahın buyurduğunu etdim və o pul mənə halal yolla gəldi. Şükür Onun Halallığına”

TALIŞIN MİLLİ RUHU-62


May ayının 1-də Talişin Milli Ruhu, Ustad Şair Əli Nasirin 62 yaşı tamam oldu və bu münasibət ilə Masallının Ğızıləvo kəndində bir ədəbi-bədii məclis düzənləndi. Talışın respublikada fəaliyyət göstərən yazılı mətbuatından nə mən, nə də “Aləm” jurnalının baş redaktoru Vüqar Həmati məclisə dəvət edilməmişdik və biz də “dəvətsiz yeri dar eləmə” prinsipinə sadiq qalaraq, bizimlə bir məclisdə oturmaq istəməyənlərin məclisini korlamamaq üçün həmin tədbirdə iştirak etmədik. Üstəlik biz Bakıda Şairin şəninə düzənlədiyimiz kiçik məclisi də işıqlandırmadıq ki, Ğızıləvoda təşkil edilmiş məclisin əhəmiyyəti azalmasın. “Bizi həmin məclisə niyə dəvət etməmişdilər?” sualı yersizdir, çünki biz bu sualın cavabını bilirik, hər necə olsa da, tədbiri düzənləyənlərə qəzetimiz adından “çox sağ olun” deyirəm. Nə yaxşı ki, varsınız…
…Altmış ikin mübarək Şair!

SÖZARASI



Aprelin 26-da məni Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinə dəvət etdilər. Dəvətin hansı cinayət işi ilə bağlı olduğunu soruşsam da, “gələrsiz, deyərik” cavabını aldım. Zatən nə vaxtsa mənim də “torbamın tikiləcəyinə” hazır olan şəxs kimi, bu barədə heç kəsə heç nə deməyib, üz tutdum həmin İdarəyə. Çox sağ olsunlar, məni çox mədəni və ehtiram ilə qarşıladılar. Orda danışılanların istintaq sirri olduğunu və bu sirri yaymayacağım haqqında iltizam verdiyim üçün, istintaqın mahiyyəti barədə danışmıram. Amma fikir verdim ki, müstəntiq mənə istintaqa aidiyyatı olmayan suallar da verir. İlk olaraq istədim ki, həmin suallara cavab verməyim, amma sonra fikrimdən daşındım. Mənim gizlədəcək heç bir işim yoxdur. Həmin istintaqa aidiyyatı olmayan suallar hansılar idi? Məsələn: Facebook profiliniz özünüzündür? Profilinizdəki bayraq nə bayraqdır və o rənglər nəyi ehtiva edir? “Multigüldüralizm” məqaləsində Niderlandın fliz əhalisindən sitat gətirərək, Azərbaycandakı 1.5 milyondan çox talışın hüquqlarının pozulmasından danışırsız, ayrılmaq fikriniz var? Və bu tipdə istintaqa dəxli olmayan suallar. Başa düşdüm ki, bu suallar gələcəkdə mənim cinayət işimdə də ola bilər və çox guman ki, prokurorluq o istiqamətdə işlər aparır. Cavablarım da təqribən belə oldu: Təbii ki, profil mənimdir və bundan sonra o profilə müdaxilə etməsəniz, ondan sonunacan istifadə edəcəm. FB profilim hamı üçün açıqdır və mən öz fikirlərimi orada paylaşıram. Bu fikirlər nə qədər düzdür, düz deyil, bu ayrı mövzudur. Bayraq Talış Mədəniyyət Mərkəzinin bayrağıdır və onun rəngləri – yaşıl-islamı, qırmızı-müasirliyi, ağ-aliliyi tərənnüm edir. Bəli, mən Azərbaycanın tərkibində Talış muxtariyyatının tərafdarı və bu yöndə mübarizə aparan bir şəxsəm. Azərbaycan gec-tez Avropa modelinə keçməlidir. Talışın inzibati ərazi sərhədləri müəyyən edilmədikcə Talış dili və Talış xalqı assimilyasiya təhlükəsi qarşısındadır və bu təhlükəni ancaq Azərbaycan hakimiyyəti talışların haqqını tanımaqla aradan qaldıra bilər. Bütün dünya sərhədlərdən imtina etdiyi bir vaxtda Azərbaycanda əlavə sərhədə ehtiyac yoxdur, sadəcə inzibati-ərazi göstəricilərində Talış vilayətinin göstərilməsini, təhsilin talış dilində aparılmasını və s. insan hüquq və azadlıqlarını istəyirik.
İstintaqa dəxli olmayan bu sualları və onlara verdiyim cavabları niyə ictimailəşdirdim? Çünki bu dediklərim bizim Xıdo tərəfindən tanınan, amma Azərbaycan Respublikası tərəfindən hələlik tanınmayan halal haqqımızdır və biz gec-tez o Haqqa qovuşacağıq, Halal haqqımız özü gəlib bizə qovuşacaq, çünki biz Onun yazdıqlarından kənara çıxmırıq!
 Rafiq Cəlilov-Tolışon Sədo qazetinin  baş redaktoru

9 Mayıs 2017 Salı

LERİKDƏ TALIŞ DİLİ???

İCRA BAŞÇISI VƏ DEPUTAT TALIŞ DİLİNƏ QADAĞA QOYUB


Təhsilin Lerikdəki səviyyəsindən yazmaq fikrim yoxdur, onsuz da bu barədə yazanlar çoxdur və görünəni də odur ki, bu yazılanların Lerik rəhbərliyinə, xüsusən Təhsil Şöbəsinə heç bir aidiyyatı olmur. Bizim mövzumuz mövcud Konstitusiyanın “hər kəsin ana dilində təhsil almaq hüququ var” bəndinin ətrafında olacaq...

...İlk olaraq onu qeyd edim ki, Konstitusiyanın bu bəndi Lerikdə, (bəzi şəxslərin dediyinə görə icra başçısı Rövşən Bağırovun göstərişi ilə, bəzi şəxslərin isə əksinə, Lerikdən deputat təyin edilmiş İqbal Məmmədovun göstərişi ilə) yasaqlanıb. İbtidai siniflərdə “Tolışə Zıvon” dərsləri keçirilmir, keçirilməməsi bir yana, uşaqlara “Talış dili kimə lazımdır, boş şeydir” təbliğatı ilə, Talış dilinə qarşı nifrət aşılanır! Gəlin konkret faktlara müraciət edək. Lerikin ən böyük inzibati-ərazi vahidi olan Vizəzəmin inzibati- ərazi vahidliyinin heç bir ibtidai məktəbində “Tolışə Zıvon” dərsləri keçirilmir. Bu barədə həmin ərazi vahidliyində yerləşən məktəblərin şagirdləri ilə apardığımız söhbətlər zamanı tam məlumatlandıq. Demək ki, Lerikdə, əslən talış olan, lakin kimlərinsə əmri ilə millətinə nifrət edən və bu nifrəti uşaqlara aşılayan “müəllim tayfası” uşaqlara “Tolışə Zıvon” dərsini keçmək əvəzinə, “ağalarına” xoş gəlsinlər deyə məktəblərdə anti-talış dili təbliğatı ilə məşğuldurlar. Bu təbliğat şagirdlərin iliyinəcən qanlarına o səviyyədə yeridilib ki, onlar artıq “biz talış deyilik” kimi sərsəmləmələri etməyə başlayıblar. Təbii ki, bu işdə məktəblə yanaşı valideyinlərin də gü- nahı var, amma əsas günah dövlətdə, onun pantürkist-anti-talış siyasəti aparan məmurlarındadır. Nəzərə alsaq ki, valideyinlərin çoxu gənc ailələrdir və onlar da həmin “antitalış” məktəblərini bitiriblər, daha deməyə söz qalmır! Millət, xalq özü-özünü inkar etməyə məcbur edilirsə - bu çox təhlükəli bir tendensiya yaradacaq ki, bu da öz növbəsində Azərbaycanımızı çox ağır fəsadlara gətirib çıxardacaqdır!...

...İndi gəlin yuxarıda adları sadalanan şəxslərə səslənək. Deyilənlərə görə icra başçısı Rövşən Bağırov Lerikdəki bütün icra nümayəndəliklərinə və Təhsil Şöbəsinə məktəblərdə talış dilinin tədris edilməməsi barədə xüsusi göstəriş verib. Hətta iddia edənlər də var ki, bu işdə icra başçısı DTXnın əməkdaşlarının yardımından da yararlanır. Adlarının çəkilməsini istəməyən müəllimlər DTX əməkdaşlarının tez-tez məktəblərə baş çəkərək, müəllimlərə, şagirdlərlə heç bir halda talış dilində danışmamaq barədə göstəriş də verdiklərini bildirirlər. Təbii ki, biz buna inanmaq istəməzdik, amma Vizəzəmin məktəbinin şagird və müəllim heyyəti ilə kiçik təmas bu məlumatın heç də şaiyyə olmadığını sübut edir. Müəllimlər, sanki kimsə onları DTX əməkdaşlarına satar qorxusu altında uşaqlarla nəinki məktəbdə, məktəbdən kənarda da öz ana dillərində danışmırlar!

Lerikdən deputat təyin edilmiş İqbal Məmmədovun da adı “anti-talış kompaniyasının ideoloqları” sırasında çəkilir. Son, 2015- ci ilin seçkilərində icra başçısı Rövşən Bağı- rovun İqbal Məmmədova yox, digər, özünə yaxın olan gənc namizədə stavka etməsindən deputat İqbal Məmmədov da xəbərdar idi və Prezident Aparatı İqbal Məmmədova stavka etməsə idi, çox guman ki, Rövşən Bağırov “qutudan” özünə yaxın olan adamı çıxardacaqdı. Bizim Azərbaycanın “seçki” sistemi haqqında geniş informasiya vermək fikrimiz yoxdur, bağça uşağından tutmuş ahıl insanlaracan hamı bu sistemdən xəbərdardır. Sadəcə İqbal Məmmədovun durumu haqqında kiçik girişə ehtiyac duyulurdu. Fərz edirsizmi 2020- ci ildə İqbal Məmmədov deputat seçilməsə nələr ola bilər? İqbal Məmmədovdan bu boyda biznes şəbəkəsinin maliyyə mənbəyi soruşulsa – kifayətdir! Bəs bu boyda biznesi saxlamaq, ən əsası isə 2020-də yenidən “seçilmək” üçün deputat nə etməlidir? Təbii ki, Prezident Aparatında oturan və yeri gəldi-gəlmədi türkçülüyü təbliğ edən zümrəyə xoş gəlmək üçün o, Lerikdə talış dilinin bir dil kimi məhv edilməsində rəhbər şəxs olmalıdır. Belə olmasa idi hörmətli deputat bu məsələni heç olmasa deputatlıq müddətində bir dəfə Milli Məclisdə qaldırardı. Qaldırmırsa – demək o da, Rövşən Bağırov kimi əhli-Lerikin öz ana dilində danışmasının əleyhinədir.

İstənilən halda bu iki şəxs Lerikdə talış dilinə və talış adına edilən basqılarda ən böyük günahkarlardır! Daha sonra günahkarların ranqı get-gedə azalır və icra nümayəndələri, məktəb direktorları, müəllimlər səviyyəsinə enir. Günahkarlara baxanda isə adam qeyri-ixtiyari fikrə gedir: görəsən do- ğurdanmı bu insanlar “yuxarıların qorxusundan” talış dili ilə mübarizə aparırlar? Əgər bu doğrudursa, onda bir məsəli də çəkməsək olmaz:
Qorxaq gündə yüz yol ölür...

Qorxaq olmayın cənablar, qorxaq müəllimin dərs dediyi və Ana dilinin, dolayısı ilə Ana-Vətən sevgisinin nə olduğunu anlamayan şagird samiraldo təfəkküründən uzağa getməz, o şagirddən vətənpərvər olmaz, vətənpərvərləri samiraldolara nisbətdə sürətlə azalan Vətəni isə qoruyan tapılmaz, qorunmayan Vətənin isə aqibəti çox acınacaqlı olur. 


TOLIŞON SƏDO