21 Mayıs 2017 Pazar

RÜŞVƏTİN YENİ MODELİ-Rafiq Cəlilov yazır



“GÖZƏGÖRÜNMƏZ RÜŞVƏT MODELİ”ndən bəhrələnənlərə ithafən….

….Burnunuzdan gəlsin…

Azərbaycan unikal məmləkətdir. Burada korrupsiya və rüşvətlə “uğurlu” mübarizə gedir. Bu mübarizə o qədər “uğurludur” ki, get-gedə bu məmləkətdə rüşvət vermədən yaşamaq qeyri-mümkün görsənir. Niyə bu qənaətə gəlmişəm? Deyəcəm siz də biləcəksiniz.
Demək rüşvət modelini təkmilləşdirən bütün eksperimentlər nədənsə mənimlə rastlaşır. Bu dəfə də belə oldu. Uzun illərdir ki, rüşvət vermədən I qrup əlillik almaq üçün çarpışıram. Hələ bundan sonra neçə illər çarpışacam, bircə rüşvət modelini təkmilləşdirən Nazirlər Kabineti bilir. Məni tanıyanlar bilirlər ki, məndə hərəkət məhdudiyyəti var, üstəlik bu hərəkət məhdudiyyəti daimi ağrılarla müşayət olunur. Uzun illərdir ki, mənə, TSEK-ə göndərmək üçün “əlillik dərəcəsinin ağırlaşmasını təsdiq edən” göndəriş, müxtəlif: “son illər xəstəxanada yatmamısan”, “sənə I qrup düşmür” tipli bəhanələrlə verilmirdi. Çıxış yolunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət etməkdə gördüm və onların məktubu ilə 2016-cı ilin noyabr ayında Sumqayıtdakı 2 saylı poliklinikada həkim müayinələrindən keçərək, lazım olan göndərişi aldım.  13 noyabr 2016-cı il tarixli göndərişə cavabı isə 2017-ci il 22 fevralda, 3 aydan da artıq müddət keçəndən sonra aldım. (rüşvət vermədiyim üçün o göndərişi cavablandırmaq “maraqsız” olub) Cavab super idi: mən ömürlük II qrup əlil olduğum halda, mənə 5 il müddətinə, yenə də II qrup əlillik təyin edilmişdi. Yenə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayətə getdim. Mənə bildirdilər ki, poliklinika göndərişi düz yazmayıb, get təzədən yazsınlar. (yəqin eyham vurublar ki, göndərişi “yağlı” yazdırmaq üçün “tərləmək” lazımdır) Yenidən 2 saylı poliklinikaya üz tutdum, yenidən göndəriş yazdılar və 17 aprel 2017-ci il tarixli protokola əsasən “gözəgörünməz ekspertlər”, bilə bilə ki, mən ömürlük II qrup əliləm, mənə yenə də 5 il müddətinə II qrup əlillik təyin etdilər. Həmin arayışı götürüb, 28 aprel tarixində yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayətə getdim. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ekspert-həkimi “sənə I qrup düşür, amma nə edək ki, qrupu təyin edənlər səni görmürlər, görsə idilər düşünmədən sənə I qrup təyin edərdilər, sən yenə də poliklinikaya get, qoy təzədən göndəriş yazsınlar” desə də, mənim israrlı olduğumu görüb, şikayətimi yazılı qaydada qəbul etdi.
Həmin şikayətə cavab almaq üçün 03 mayda üz tutdum Dövlət Tibbi-Sosial və Reabilitasiya Xidmətinə. Həmin xidmətdə də dərdimi deməyə adam tapmadım, baxmayaraq ki, xidmətin rəisi və müavinləri yerlərində idilər və bekarçılıqdan milçək qovurdular. Həmin xidmətdə sıravi bir həkim, Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli 446 N:-li Qərarını əlində dəstəvuz edərək, şikayətçilərin şikayətini şifahi cavablandıraraq, açıq-aşkar “işinizi poliklinika ilə görün” deyirdi. Mənim də növbəm çatdı, eyni – bizim əlimizdə heç bir səlahiyyət yoxdur, siz yenə də polilinika ilə əlaqə saxlayın – tipli nağılları mənə danışan həkimdən özünü təqdim etməyi xahiş etdim. Bayaqdan şikayətçiləri qəbul edən “səlahiyyətli” şəxs, nədənsə özünü təqdim etməkdən imtina etdi və mənim israrlı olduğumu görüb, məni, rəisin və onun müavinləri orada olduğu halda, “ümumi şöbə” deyilən digər kabinetə göndərdi. Digər kabinetdə mənim 28 aprel tarixli şikayətimin cavabını tapanacan, kabinetdə oturan həkimlə kiçik bir dialoqum oldu.
– Doktor, mən rüşvət verə bilmirəm deyə mənə bilərəkdən I qrup təyin edilmir, bəs mən dərdimi kimə deyim?
– Heç kimə, bizim bütün səlahiyyətlərimiz əlimizdən alınıb.
– Əgər sizin heç bir səlahiyyətiniz yoxdursa, bu qədər işçi nə ilə məşğuldur?
– …. (cavab yoxdur)
– Başa düşdüm, havayı yem yeridir, yaxşı, dərdimi deməyə instansiya yoxdursa, bəs mən indi nə edim?
– Yenə də poliklinikaya yaxınlaş, biz onların yazdıqlarını yoxlamaq iqtidarında deyilik…
– Birdən poliklinika səhv yazdı, məsələn sağlam adam götürüb 3 min rüşvət verdi və poliklinika da yazdı ki, onun ayağı və ya böyrəyi yoxdur, siz də gözəgörünməz adamlarınız ilə ona əlillik təyin etdiz, bəs həqiqət harada qaldı?
– Əgər poliklinika yazsa ki, onun hər hansı bir orqanı yoxdur, onu heç kim yoxlamayacaq.
– Sizcə bu belə də olmalıdır?
– Bu Qanun başdan-ayağa səhvdir, neyləyə bilərik ki?
– Demək poliklinikalar ilə sizin xidmət “gözəgörünməz rüşvət modeli” icad etmisiz, bu Qanun da karınıza gəlir, sağlam adam pul gücünə əlillik alır, amma mənim kimi həqiqi əlillər rüşvət vermədikləri üçün qıraqda qalırlar.
– Daha özün hər şeyi dedin də….
Elə bu vaxt Dövlət Tibbi-Sosial və Reabilitasiya Xidmətinin rəis müavini Məmməd Xasıyevin imzası ilə 01 may 2017-ci il tarixli cavab mənə təqdim olundu və mən də başımıza bəla olan bu xidmətdən kor-peşiman geri döndüm.
Nə deyilir həmin cavabda? Həmin cavabda, bütün dövlət idarələrindən alınan cavablarda olduğu kimi anlaqlı heç nə deyilmir, ən dəhşətlisi isə odur ki, mən səhhətimin ağırlaşması ucbatından uzun illərdir ki, bu Xidmətə şikayətçi olduğum halda, bunlar cavabda “gələcəkdə səhhətinizdə ağırlaşma əmələ gələrsə…” kimi cümlə də işlədiblər. Demək bu adamlar, rüşvət vermədiyim üçün, özlərinə əziyyət verib heç mənim şikayətimi oxumayıblar da, elə standart cavab verməklə kifayətləniblər.
Gəlin nəticə çıxardaq:
  1. Rüşvət verməyə pulun yoxdursa heç bir dövlət idarəsinə müraciət eləmə, onsuz da müraciət baxılmamış qalacaq
  2. Rüşvət verməyə pulun varsa, hətta sağlamsansa da, çəkinmədən poliklinikaya yaxınlaşıb, puluvu verib, puluvun müqabilində əlillik dərəcəsi alacaqsan. Poliklinika həmin məbləği Dövlət Tibbi-Sosial və Reabilitasiya Xidmətinin yerli şöbəsi ilə bölür və sənə “gözün üstündə qaşın var” deyən tapılmayacaq.
  3. Bu cür vəziyyətlə barışmayıb, şikayətçi olacaqsansa, özünə hədərə əziyyət vermə, ayların illərə qarışacaq və heç nə də dəyişməyəcək, çünki artıq “balıq başdan iylənib”.
İndi mən həmin “gözəgörünməz rüşvət modelini” icad edən şəxslərə – Baş Nazir Artur Rəsizadəyə, Səhiyyə Naziri Oqtay Şirəliyevə və ƏƏSM-si Naziri Səlim Müslümova səslənirəm. Mənim rüşvət verməyə nə pulum var, nə də ki, əqidəm buna yol vermir, sizlər də  rüşvətsiz mənə I qrup əlillik vermək istəmirsiz, mən nə edim? Bəlkə dövlət başçısından xahiş edim ki, sizə rüşvət vermək üçün “Prezidentin Ehtiyyat Fondundan” maliyyə ayırsın? Bəlkə SOCAR Prezidenti Rövnəq müəllimdən xahiş edim ki, YAP-ın 24 illik hakimiyyəti dövründə payıma düşən neft pullarından bir az ayırsın ki, sizlərə rüşvət verib, halal I qrup əlilliyimi alım? Yox, bəlkə ən yaxşısı odur ki, mən ingilis dilində dünya ictimaiyyətinə müraciət edib, sizlərin “gözəgörünməz rüşvət modelini” təbliğ edim? Axı Milli Məclisdə Siyavuş Novruzov onlara səslənmişdi: “gəlin bizdən öyrənin”, mən də sizin bu analoqu olmayan “gözəgörünməz rüşvət modelini” təbliğ etməklə, Azərbaycanı təbliğ etmiş sayılmayacammı?  Ey, rüşvəti icad edənlərə rəhmət oxutduranlar, mənə məsləhət verin: mən nə edim?
Rafiq Cəlilov-Tolışon Sədo qazetinin baş redaktoru

Hiç yorum yok:

Yorum Gönder