1 Mart 2017 Çarşamba

LERİKDƏKİ QAR UÇQUNU-RAFİQ CƏLİLOV

ÇALIŞIN İNSAN OLUN….
LERİKDƏKİ QAR UÇQUNU


Fevralın 23-ü idi. Adi günlərdən biri. Xəbər gəldi ki, Yadigar Sadıqovun atası rəhmətə gedib. Yadigar Sadıqov Hilal Məmmədovun müdafiəsində yaxından iştirak etdiyi üçün bizim də ona bir minnətdarlıq borcumuz var idi. Zatən Yadigar bəyin başı bizə görə çox ağrayıb. Birlikdə şəklimizi görən vətənşüvənlər, hansılar ki, Qarabağ döyüşlərində tuman altında gizlənmişdilər, həmin şəkilləri “müsavatçılar separatçılar ilə birləşir” başlığı ilə sosial şəbəkədə tirajlayanda da bir söyüş “separatçı” olduğumuz üçün bizə tuşlanırdısa, bir söyüş də bizi “dəstəklədiyinə” görə hökmən Yadigar bəyə tuşlanırdı. Sözüm bunda yox, Vüqar Mustafayev ilə razılaşdıq ki, fevralın 25-də Lənkəranda 3 məclisində iştirak edək. Təqribən saat 13:00-da Vüqar mənə zəng edərək ailələrinə böyük bir bədbəxtçiliyin üz verdiyini bildirdi: Lerikin Orand kəndində qar uçqunu Vüqarın dayısı Mustafayev Əhlimanın evinin divarını apararaq, 5 nəfəri öz cənginə almışdı. Uçqunun cəngində olanlardan 4 nəfəri, Əhliman kişinin həyat yoldaşı Şövkət xanım, gəlini İlahə, nəvələri Zəhra və Uğur rəhmətə getmişdilər. Möcüzə nəticəsində Əhliman kişinin digər nəvəsi Elcan qarın içindən salamat çıxarılır….

….Fevralın 25-də Orand kəndindəki faciənin 3 mərasimi idi. Biz də kiçik bir dəstə ilə Oranda, başsağlığı verməyə gedəndə Oranddan Lerikin bütün səlahiyyət sahibləri hüzn yerindən qayıdırdılar. Onların arasında, deyilənlərə görə mənim uzaq qohumumdur, Lerik fövqəladə hallar komissiyasının rəhbəri Habil müəllim də var idi. Bu həmin Habil müəllimdir ki, iki il əvvəl həmin bu evin qəzalı vəziyyətdə olması haqqında ərizəyə biganə münasibət bildirib. Ümumiyyətlə bizdəki məmurların 98 faizi o düşüncənin sahibidirlər ki, ona bu səlahiyyət verilibsə, xalqa xidmət etməsə də olar, əsas odur ki, bacardıqca çox qamarlasın. Habil müəllimin adı tək bu olayda hallanmır. İnternet axtarış sistemində “Habil Məlikov” yazmaq kifayətdir ki, Habil müəllimin “qəhramanlıqlarını” oxuyub, “feyziyab” olasan.


 Bu həmin Habil Məlikovdur ki, ANS-in “İçXəbər” proqramının Andurmə kəndindən, qəzalı evdən verdiyi reportajı “büdcədə bu məqsədlə pul yoxdur” ilə tamamlamışdı. Zira, bəs sizin büdcədə hansı məqsədlə pul olur? Yəqin ki, Lerikin büdcəsində pul ancaq və ancaq icra hakimiyyətinin üzvləri üçün olur. Məsələn iki il bundan əvvəl prezidentin göstərişi ilə sökülən və hərəsinin bir neçə milyon dəyəri olan villalardan birinin məhz Lerikin icra başçısı Rövşən Bağırova mənsub olması barədə dövrü mətbuatın yazdığına inansaq, niyə də inanmayaq, demək büdcədəki pullar həmin villanın tikintisinə sərf edilib. Və ya əhli-Lerikin dediyinə inansaq və Kələxan kəndi yaxınlığındakı dəyəri bir neçə milyon olan “7 qardaş” istirahət mərkəzinin icra başçısının I müavini Cəlal Baxşıyevin olduğunu qəbul etsək, cəmi bir neçə yüz manat maaşı olan hörmətli I müavinin həmin istirahət mərkəzini hansı pulla tikdiyini anlamaq asandlaşır: təbii ki, büdcədən götürülən (silinən) vəsait hesabına! Siyahını uzatmaq da olardı, amma lüzumu yoxdur. Bunlara oğurluğu ancaq Lerikin prokuroru sübut edə bilərdi, əfsus ki, o da bunlarla bacarmır, hətta ola bilsin ki, hardasa ortaq maraqları da var. Sözüm bunda yox, gec-tez bu xalqdan oğurlananlar laxta qan halında bütün oğruların, ranqından asılı olmayaraq, burunlarından gələcək. Sözüm ondadır ki, bu Habil Məlikov həmin hüzn məclisində, o qəzalı evi təmir elətdirmədiyi üçün heç olmasa zərrə qədər xəcalət çəkdimi? Və ya icra başçısı, həmin hüzn məclisində onların dərdinə şərik olduğunu bildirində daxilən özünü qınamadı ki, dövlətin ayırdığı pullar ilə özünə 4-5 milyonluq villa tikdirində, həmin puldan 400-500 manat bu evin divarının bərkitməsinə xərcləməməklə, bu ailənin faciəsinin günahkarlarından biri, hətta birincisidir? Və ya rayonun prokuroru, həmin rayonda bütün açılmamış cinayətlərin məsuliyyət daşıyıcısı, bu qəzanın günahkarları ilə eyni məclisdə oturaraq, cinayəti ört-basdır etmək üçün bütün günahı təbiət hadisəsinin üstünə yıxanda vicdanı ağrımadımı? Bəlkə işi-gücü Lerik səlahiyyətliləri haqqında tənqidi yazılar yazanları ovlamaq olan polis rəisi bu hüzn məclisində, bu faciəni ört-basdır etmək istəyənlərlə əlbir olduğuna görə özünü qınayıb? Yəqin Lerik Yol-İstismar İdarəsinin rəisi Orand kəndinin yolunu görüb, “yolların təmir-bərpası” adı ilə silinən milyonlardan bu kəndin yolunun təmir edilməsi üçün qara qəpiyin belə ayrılmadığından xəcalət hissi çəkib. Yox, xəcalət hissini tək o çəkməyib, onunla bərabər bu hissi, qıraqdan tövləyə oxşayan Orand məktəbini görən təhsil şöbəsinin müdürü də yaşayıb. Yaşayıb, yaşayırlar da, amma onların səriştəsizlikləri və acgözlükləri ucbatından bir ailə artıq yaşamır, sadəcə bu ailə demək olar ki, YOXDUR! Məhv etdiz o ailəni, o məsum körpələrin ahı gec-tez sizi tutacaq, siz daima o körpələrin məsum simalarını öz yuxularınızda görüb, yuxudan dik və hövləng atılacaqsız və hər dəfə də özünüzə “bu bir yuxu idi” təskinliyi verəcəksiz, bu o vaxta qədər davam edəcək ki, oxşar faciəni sizin ailələr də yaşayacaq. Onda bilərsiniz insana bala, nəvə dağı dəyəndə insan nələr çəkir. İnsan, bəli bu hissləri İnsan çəkir, insan olmaq isə çox çətindir…
Hələlik isə şad və xürrəm yaşayın, amma o qızıl teşti özünüzdən, gözünüzdən çox uzağa qoymayın. Həmin teştə qan qusacağınız günü gözləyin, ey bu millətin qanını sovuran vampirlər….
…Ola bilsin ki, şirin dilinizə basıb faciə yaşayanlardan “heç bir şikayətimiz yoxdur” izahatını almısız və ya aqlacaqsız, hətta ola bilsin mənim bu yazımı təkzib etdirmək üçün faciə yaşayanlara mənim necə təhlükəli biri olduğumu “anladıb”, istədiyiniz kağıza qol da çəkdirəsiniz, ola bilsin, ola bilsin ki, siz lap düz deyirsiz, mən çox təhlükəli biriyəm, və məm şadam ki, siz bu təhlükəni hiss edirsiz, hər gün bu təhlükə barədə düşünürsüz, heç nə olmaz, arada şeytanın rüşvətindən ayrılıb Xıdonun təhlükəsindən qorxmaq lazımdır, əgər başınız şeytanın rüşvətindən ayılırsa….
İnsan….