ÇALIŞIN İNSAN OLUN….
LERİKDƏKİ QAR UÇQUNU
Fevralın 23-ü idi. Adi
günlərdən biri. Xəbər gəldi ki, Yadigar Sadıqovun atası rəhmətə gedib. Yadigar
Sadıqov Hilal Məmmədovun müdafiəsində yaxından iştirak etdiyi üçün bizim də ona
bir minnətdarlıq borcumuz var idi. Zatən Yadigar bəyin başı bizə görə çox ağrayıb.
Birlikdə şəklimizi görən vətənşüvənlər, hansılar ki, Qarabağ döyüşlərində tuman
altında gizlənmişdilər, həmin şəkilləri “müsavatçılar separatçılar ilə
birləşir” başlığı ilə sosial şəbəkədə tirajlayanda da bir söyüş “separatçı”
olduğumuz üçün bizə tuşlanırdısa, bir söyüş də bizi “dəstəklədiyinə” görə
hökmən Yadigar bəyə tuşlanırdı. Sözüm bunda yox, Vüqar Mustafayev ilə
razılaşdıq ki, fevralın 25-də Lənkəranda 3 məclisində iştirak edək. Təqribən
saat 13:00-da Vüqar mənə zəng edərək ailələrinə böyük bir bədbəxtçiliyin üz
verdiyini bildirdi: Lerikin Orand kəndində qar uçqunu Vüqarın dayısı Mustafayev
Əhlimanın evinin divarını apararaq, 5 nəfəri öz cənginə almışdı. Uçqunun
cəngində olanlardan 4 nəfəri, Əhliman kişinin həyat yoldaşı Şövkət xanım,
gəlini İlahə, nəvələri Zəhra və Uğur rəhmətə getmişdilər. Möcüzə nəticəsində
Əhliman kişinin digər nəvəsi Elcan qarın içindən salamat çıxarılır….
….Fevralın
25-də Orand kəndindəki faciənin 3 mərasimi idi. Biz də kiçik bir dəstə ilə
Oranda, başsağlığı verməyə gedəndə Oranddan Lerikin bütün səlahiyyət sahibləri
hüzn yerindən qayıdırdılar. Onların arasında, deyilənlərə görə mənim uzaq
qohumumdur, Lerik fövqəladə hallar komissiyasının rəhbəri Habil müəllim də var
idi. Bu həmin Habil müəllimdir ki, iki il əvvəl həmin bu evin qəzalı vəziyyətdə
olması haqqında ərizəyə biganə münasibət bildirib. Ümumiyyətlə bizdəki
məmurların 98 faizi o düşüncənin sahibidirlər ki, ona bu səlahiyyət verilibsə,
xalqa xidmət etməsə də olar, əsas odur ki, bacardıqca çox qamarlasın. Habil
müəllimin adı tək bu olayda hallanmır. İnternet axtarış sistemində “Habil
Məlikov” yazmaq kifayətdir ki, Habil müəllimin “qəhramanlıqlarını” oxuyub,
“feyziyab” olasan.
Bu həmin Habil Məlikovdur ki, ANS-in “İçXəbər” proqramının
Andurmə kəndindən, qəzalı evdən verdiyi reportajı “büdcədə bu məqsədlə pul
yoxdur” ilə tamamlamışdı. Zira, bəs sizin büdcədə hansı məqsədlə pul olur?
Yəqin ki, Lerikin büdcəsində pul ancaq və ancaq icra hakimiyyətinin üzvləri
üçün olur. Məsələn iki il bundan əvvəl prezidentin göstərişi ilə sökülən və
hərəsinin bir neçə milyon dəyəri olan villalardan birinin məhz Lerikin icra
başçısı Rövşən Bağırova mənsub olması barədə dövrü mətbuatın yazdığına inansaq,
niyə də inanmayaq, demək büdcədəki pullar həmin villanın tikintisinə sərf
edilib. Və ya əhli-Lerikin dediyinə inansaq və Kələxan kəndi yaxınlığındakı
dəyəri bir neçə milyon olan “7 qardaş” istirahət mərkəzinin icra başçısının I
müavini Cəlal Baxşıyevin olduğunu qəbul etsək, cəmi bir neçə yüz manat maaşı
olan hörmətli I müavinin həmin istirahət mərkəzini hansı pulla tikdiyini
anlamaq asandlaşır: təbii ki, büdcədən götürülən (silinən) vəsait hesabına!
Siyahını uzatmaq da olardı, amma lüzumu yoxdur. Bunlara oğurluğu ancaq Lerikin
prokuroru sübut edə bilərdi, əfsus ki, o da bunlarla bacarmır, hətta ola bilsin
ki, hardasa ortaq maraqları da var. Sözüm bunda yox, gec-tez bu xalqdan
oğurlananlar laxta qan halında bütün oğruların, ranqından asılı olmayaraq,
burunlarından gələcək. Sözüm ondadır ki, bu Habil Məlikov həmin hüzn
məclisində, o qəzalı evi təmir elətdirmədiyi üçün heç olmasa zərrə qədər
xəcalət çəkdimi? Və ya icra başçısı, həmin hüzn məclisində onların dərdinə
şərik olduğunu bildirində daxilən özünü qınamadı ki, dövlətin ayırdığı pullar
ilə özünə 4-5 milyonluq villa tikdirində, həmin puldan 400-500 manat bu evin
divarının bərkitməsinə xərcləməməklə, bu ailənin faciəsinin günahkarlarından
biri, hətta birincisidir? Və ya rayonun prokuroru, həmin rayonda bütün
açılmamış cinayətlərin məsuliyyət daşıyıcısı, bu qəzanın günahkarları ilə eyni
məclisdə oturaraq, cinayəti ört-basdır etmək üçün bütün günahı təbiət
hadisəsinin üstünə yıxanda vicdanı ağrımadımı? Bəlkə işi-gücü Lerik
səlahiyyətliləri haqqında tənqidi yazılar yazanları ovlamaq olan polis rəisi bu
hüzn məclisində, bu faciəni ört-basdır etmək istəyənlərlə əlbir olduğuna görə
özünü qınayıb? Yəqin Lerik Yol-İstismar İdarəsinin rəisi Orand kəndinin yolunu
görüb, “yolların təmir-bərpası” adı ilə silinən milyonlardan bu kəndin yolunun
təmir edilməsi üçün qara qəpiyin belə ayrılmadığından xəcalət hissi çəkib. Yox,
xəcalət hissini tək o çəkməyib, onunla bərabər bu hissi, qıraqdan tövləyə
oxşayan Orand məktəbini görən təhsil şöbəsinin müdürü də yaşayıb. Yaşayıb,
yaşayırlar da, amma onların səriştəsizlikləri və acgözlükləri ucbatından bir
ailə artıq yaşamır, sadəcə bu ailə demək olar ki, YOXDUR! Məhv etdiz o ailəni,
o məsum körpələrin ahı gec-tez sizi tutacaq, siz daima o körpələrin məsum
simalarını öz yuxularınızda görüb, yuxudan dik və hövləng atılacaqsız və hər
dəfə də özünüzə “bu bir yuxu idi” təskinliyi verəcəksiz, bu o vaxta qədər davam
edəcək ki, oxşar faciəni sizin ailələr də yaşayacaq. Onda bilərsiniz insana
bala, nəvə dağı dəyəndə insan nələr çəkir. İnsan, bəli bu hissləri İnsan çəkir,
insan olmaq isə çox çətindir…
Hələlik isə şad və
xürrəm yaşayın, amma o qızıl teşti özünüzdən, gözünüzdən çox uzağa qoymayın.
Həmin teştə qan qusacağınız günü gözləyin, ey bu millətin qanını sovuran
vampirlər….
…Ola bilsin ki, şirin
dilinizə basıb faciə yaşayanlardan “heç bir şikayətimiz yoxdur” izahatını
almısız və ya aqlacaqsız, hətta ola bilsin mənim bu yazımı təkzib etdirmək üçün
faciə yaşayanlara mənim necə təhlükəli biri olduğumu “anladıb”, istədiyiniz
kağıza qol da çəkdirəsiniz, ola bilsin, ola bilsin ki, siz lap düz deyirsiz,
mən çox təhlükəli biriyəm, və məm şadam ki, siz bu təhlükəni hiss edirsiz, hər
gün bu təhlükə barədə düşünürsüz, heç nə olmaz, arada şeytanın rüşvətindən
ayrılıb Xıdonun təhlükəsindən qorxmaq lazımdır, əgər başınız şeytanın
rüşvətindən ayılırsa….
İnsan….
Hiç yorum yok:
Yorum Gönder