29 Mayıs 2017 Pazartesi

SÖZÜN BİTDİYİ AN


SÖZÜN BİTDİYİ AN

Talış Mədəniyyət Mərkəzinin sədri Rafiq Cəlilovun bu günkü durumunun səbəbi uzun illərə gedib çıxır, o illər barədə yazmayacam, çünki Rafiq Cəlilova qarşı aparılan məkrli plan çox aşkar bilinsə də, bu plan gizlində həyata keçirilib və bu gün o şəxslərə nəyi isə sübut etmək çox çətin olacaq, ona görə də mən, Talış Mədəniyyət Mərkəzinə hakimiyyətin adamı kimi daxil edilmiş Şahin Mirzəli barədə yazacam.
Şahin Mirzəli müsavatçı olaraq heç vaxt talış məsələsində olmayıb. Hətta Müsavat partiyası Hilal Məmmədovu açıq müdafiə etdiyi anlarda belə Şahin Mirzəli bir dəfə də olsun Hilal Məmmədovun məhkəməsində iştirak etməyib, məhkəmədə iştirakı o yana qalsın, heç Hilal Məmmədovun günahsız həbsinə qarşı bircə cümlə belə işlətməyib. Görəsən nə dəyişdi ki, Şahin Mirzəli müsavatçılığını talışçılığa dəyişdi? Çox guman ki, Müsavat partiyasında onun məkrli planlarından agah olub, onu partiyadan xaric ediblər. Bu planları o Talış Mədəniyyət Mərkəzində “sınaqdan” keçirtmək qərarına gəlir. İlk olaraq onun məkrindən Talış Mədəniyyət Mərkəzinin sədri Rafiq Cəlilov agah olur və onu daima Mədəniyyət Mərkəzindən uzaqda saxlamağa çalişir. Biz bu barədə Rafiq müəllimə irad bildirəndə o, bizi bu cümlə ilə inandırdı ki, “Şahinin respublikadan qaçmaq fikri var və o respublikadan Talış Mədəniyyət Mərkəzinin üzvü kimi qaçsa başımız ağrayacaq”, biz də Rafiq müəllimin bu xəbərdarlığından sonra Şahin Mirzəlinin hərəkətlərinə ciddi fikir verdikdə, Rafiq müəllimin nə qədər dəqiq olduğunu yəqin etdik və Talış Mədəniyyət Mərkəzinin gənc üzvləri olaraq hər vəclə Şahinin Talış Mədəniyyət Mərkəzinin üzvü olmasına əngəl yaradırdıq. Hətta Rafiq müəllim ondan üzvlük üçün ərizəni belə qəbul etməmişdi. Amma hakimiyyətin gücü bizim gücümüz ilə nisbətdə çox olduğu üçün Şahinin Talış Mədəniyyət Mərkəzinə üzv gətirilmə planı müsbət həll olma istiqamətində özünü çox da doğrultmadı. 
2016-cı ilin fevral ayında Talış Mədəniyyət Mərkəzinin sədri Rafiq Cəlilov “Talış Mədəniyyət Mərkəzinin növbəti Konfransının keçirilməsi üçün Təşkilat Komitəsinin yaradılması barədə” Sərəncam verir və Təşkilat Komitəsinin iclasını çağırır. “Gözlənilmədən” (əslində bu gözlənilən idi) iclasa Təşkilat Komitəsinin üzvləri olmayan Seyran Dadaşov və Şahin Mirzəli də təşrif buyururlar və Təşkilat Komitəsinin üzvü Mehdibəy Səfərov bu şəxslərin də Təşkilat Komitəsinə salınmasını təklif edir və təklif səs çoxluğu ilə keçir. Daha sonra Konfransın ssenarisi bu üçlük – Mehdibəy Səfərov, Seyran Dadaşov və Şahin Mirzəli arasında cızılır, (bu barədə konfransdan sonra Şahin Mirzəli öz feysbuk səhifəsində “Biz Rafiqi necə məğlub etdik” adlı yazısında ətraflı yazır), bu gizli danışıqdan xəbər tutan Rafiq Cəlilov Mehdibəy Səfərov ilə görüşür və Şahin Mirzəlinin Talış Mədəniyyət Mərkəzinin sədri adı ilə respublikadan qaçmaq planının olduğunu ona anladır, amma bu xəbərdarlığa baxmayaraq Mehdibəy Səfərov yenə də həmin iki şəxslə görüşür və Seyran Dadaşovun sədrliyi müqabilində Şahinin Talış Mədəniyyət Mərkəzinin İdarə Heyyətində olmasına razılıq verir. 2016-cı ilin may ayının 1-də Talış Mədəniyyət Mərkəzinin konfransında Şahin Mirzəli Talış Mədəniyyət Mərkəzinin İdarə Heyyətinə seçilir, buna etirazı elə həmin konfransdaca Rafiq Cəlilov bildirir və Talış Mədəniyyət Mərkəzinin hər hansı bir seçkili qurumunda olmaqdan imtina edir. Çox keçmir ki, Talış Mədəniyyət Mərkəzinin işində elə də səriştəsi olmayan yeni sədr – Seyran Dadaşov Talış Mədəniyyət Mərkəzinin gənc üzvlərinin Şahin Mirzəlini Talış Mədəniyyət Mərkəzinin üzvlüyündən xaric edilməsi tələbinə razılıq verir və Şahin Mirzəlinin Talış Mədəniyyət Mərkəzinin üzvlüyünə ərizəsinin olmamasını əsas gətirərək onun İdarə Heyyətindən istefa verməsini tələb edir. Məsələ böyüyür və Lənkəranda Talış Mədəniyyət Mərkəzinin fövqalədə iclası çağırılır və həmin fövqalədə iclasda 01 may 2016-cı il tarixli konfransın bütün qərarları ləğv edilir. Daha sonrası hamıya məlumdur, Talış Mədəniyyət Mərkəzinə növbəti repressiyanı başlatmaq üçün vaxtı fota vermək olmazdı və hakimiyyət Şahin Mirzəlinin Ermənistana qaçması üçün münbit şərait yaradır. 

Şahin Mirzəli Ermənistana qaçandan sonra hakimiyyət ikinci planını işə salır, bu plan “Talış ziyalıları adından hakimiyyətə edilmiş müraciət” olur ki, müraciət müəllifləri həmin müraciəti hər vəclə talış ictimaiyyətindən gizlətməyə çalışırlar. Bir nüsxəsi də Dövlət Təhlükəsizlik Xidmətinə ünvanlanmış müraciətdə “talış ziyalıları” nədənsə “separatçılıq ilə mübarizə” cümləsini daxil edirlər ki, bu cümlə də respublikada Talış separatizminin mövcudluğunu birbaşa təsdiq etmiş olur. Təbii ki, bütün bu məkrli planlar Rafiq Cəlilova yönəldiyi üçün “respublikadakı separatçılar ilə mübarizə” məhz ondan başlanır. (vaxt gələcək həmin müraciət Talış xalqının tarixində qara ləkə kimi yad ediləcək və o müraciətdə adları olanlar “Talış xalqına pislik etmiş şəxslər” kimi anılacaqlar.) 

Biz Talış gəncləri sosial şəbəkədə Şahin Mirzəlinin Talış Mədəniyyət Mərkəzinin İdarə Heyyətinə “seçdirilməsinə” etiraz edəndə o, Təhminə Babazadə adlı profili ilə bizlərə “cavab” verir, hətta burda da Rafiq Cəlilovu “baltalamağı” unutmurdu, bəs görəsən niyə onun Ermənistana qaçmasına Rafiq Cəlilov cavabdeh olmalıdır? Bəlkə buna səbəb Rafiq Cəlilovun Şahinin Ermənistana qaçmasına ciddi reaksiya verməməsi səbəb olub? İnandırıcı deyil, bu məkrli plan məhz Rafiq Cəlilova qarşı yönəldiyi üçün, istənilən halda hədəfdə elə Rafiq Cəlilov da qalacaqdı!


Bu günlərdə həmin müraciətin “həmmüəllifi”, vəkil Seyran Dadaşov ilə görüşdüm, “separatçı” deyəndə kimləri nəzərdə tutduqlarını soruşdum, Seyran Dadaşovun başa düşüləcək bir cavab verə bilməməsindən belə başa düşdüm ki, o cümlənin müəllifi məhz Mehdibəy Səfərovdur, məktubun bir nüsxəsinin DTX-nə göndərilməsinin təşəbbüsçüsü də, o cümlənin müəllifi də məhz o insandır. Demək sizlər də hakimiyyətin Talış Mədəniyyət Mərkəzinin məhvi planının bilərəkdən iştirakçısısınız və əgər öz şəxsi rifahınızı Talış xalqının mübariz oğlu Rafiq Cəlilovun sıradan çıxarılmasında axtarırsınızsa, demək sizlərə deməyə söz qalmır, bu artıq SÖZÜN BİTDİYİ ANDIR!

Hiç yorum yok:

Yorum Gönder