Cənab
Prezident, sizə arzuların, ümidlərin dəfn olunduğu bir kənddən, bir rayondan və bir ölkədən yazıram. Fikirləşəcəksiniz ki,
savadlılığın 100, yoxsulluğun 5 faiz, milyonların tuğyan etdiyi ölkənin bir
rayonunda ümidlər, arzular necə dəfn oluna bilər?
Kaş ki
sadaladığınız o rəqəmlər reallığı əks etdirəydi. Əslində, bizim xalq olaraq
problemimiz də bu 25 ildə real ola bilməməyimizdədir. Ona görə də, indi mən sizə
o dəfn olmuş arzulardan yazmaram, çünki nəinki mənim, hətta yeri laməkan olan
Tanrının da o arzuların reallaşmasına ümidi yoxdur.
Məni
arzularım bilirsiniz, nə idi? Necə gözəl idi? Uşaqkən AzTv-də baxdığım çiçəklənən,
inkişaf edən, “demokratikləşən” Azərbaycanda yaşamaq...
1998-ci
ildə atam əlimdən tutaraq: “Oğlum, cənab prezident Heydər Əliyev Lerikə gəlir, dur gedək”, - demişdi.
Hə, Həsənağa
əminin köhnə UAZ-ı ilə daşlı-kəsəkli yolları qət edib rayona getməyim, Xanış kişinin qurbanlar kəsdiyi bir
prezidentin qəbuluna düşmək, görmək kimi möhtəşəm uşaqlıq arzularım vardı...
Hətta
atama sual da vermişdim ki, Heydər Əliyev bizim bu yolları, şüşələri qırıq,
damı uçuq məktəbimizi, bir tərəfi sökük uşağ baxçamızı, bir balaca külək əsən
kimi qırılan elektrik xətlərini düzəldəcəkmi, yoxsa qaranlığa qərq olan kədimiz
heç vaxt aydınlığa çıxmayacaq?
Oysa,
“Bala, Heydər Əliyev hər şey edəcək, narahat olma”, - deyərək məni
inandırmışdı. O sözlərin deyiliş tərzi hələ də qulaqlarımdan getmir...
Rayondan
qayıdanda məğrurluğum isə özümü bir
başqa cür təsirləndirirdi. Axı mənim AzTv-yə baxaraq gözəl məktəblərdə oxumaq
istəyim, çiynində daşıdığı odun parçalarını bir kənara atıb, balaca bacımın əlindən
tutub bağçaya aparmaq, rayona xəstəxanaya
gedəndə o zəhrimar sifətli həkimlərdən qurtulmaq arzum, polisə gedəndə acı-acı:
“Ə sən niyə gəlmisən?”, - deyən zırpı polisdən qurtulmaq arzum var idi...
Olmadı,
cənab prezident, olmadı. İllər keçdikcə o arzuları bir-bir əllərimlə dəfn eləməyə
başladım. Hətta o yalançı, sırtıq mollanın 3 manat alaraq arzularımızın dəfn
olduğu məzarlıqda “Yasin” oxuması da heç yadımdan çıxmır. Arada sinifdə Lazım
müəllim həmişə deyirdi ki, umidlər sonda ölür. Amma biz sonumuzu görmədən
arzularımızı, ümidlərimizi dəfn elədik...
AzTv-nin
dediyi kimi, 25 ildə xəstəxana təmir olundu, amma içərisindəki zəhrimar siffətli
həkimlər dəyişmədi. Polisin binası yeniləndi, amma zırpı polislərin də sayı artdı. İcra Hakimiyyətinin imarətə bənzər binası
inşa olundu, amma sirsifətindən yağ daman məmurlar yenilənmədilər. Hər gün
yedilər, dağıtdılar, sökdülər rayonu, nə yol qaldı, nə təhsil, nə mədəniyyət...
Hamısının
məhv elədilər və “cənab prezident tapşırıb”, - dedilər.Amma bütün bunlara
baxmayaraq, bir zamanlar yenə sizdən umid gözləyənlər də var idi. Amma o ümidlər
də Prezident Aparatına gedən məktublar kimi yenidən geriyə - Lerikə qayıtdı,
qaytarıldı...
Bəli, cənab
prezident, bilmirdik ki, Rövşən Bağırovlar, Cəlil Baxşiyevlər, Habil Məlikovlar
o məktubları əllərində tutub: “Bax, budur gedin, hara şikayət edirsiniz edin”,
- deyərək o məzlumları əliboş yenidən daşlı kəsəkli yollarla geri
qaytaracaqlar...
Bilirsiniz,
cənab Prezident, yadıma nə düşür: 116
manat pensiya alan Fatma nənə də artıq hər çağrılanda rayona getmirdi.
Uşaqlıqda bizə gələcək haqqında danışdıqlarına görə utanc hissi duyurdu. Bəlkə
də, üzümüzə baxmağa vicdanı ağrıyırdı. Artıq Lazım müəllim də: “Ümidlər sonda
ölür”, - demirdi...
Bəlkələr,
ümidlər, arzular bitib, cənab prezident... Reallıqlar onları udub. Necə ola bilər ki, “Möhtərəm” deyə umidləndikləri
prezident 7 il idi rayona gedə bilmir. Lerik xarabalığa çevrilib, amma
“prezidentin bundan xəbəri yoxdur”, məmurlar xalqı çapıb talayır, amma heç kim
səsini çıxarmır?
Lerikə
ayrılan milyonlardan sonra Lerikin yolları düzəlmədi, əksinə məmurların evləri
saraylaşdı. Bu arada məlum oldu ki, 17 milyonu da “nuş can” ediblər. Lerikə
ayrılan milyonlardan sonra icra başçısı və müavinləri iş yerləri açmaqdansa,
yeni villalarının açılışını etdilər. Ayrılan milyonlardan sonra Lerikin işığı
yanmaqdansa, əksinə qaranlığa qərq oldu. Lerikə ayrılan milyonlardan sonra gənclər
təhsili buraxıb Bakıda daş karxanalarına üz tutdular. Artıq həmişə əl açıb kömək
istədikləri Tanrıdan da ümidlərini üzüblər. Axı 83 yaşlı Baş nazirə dəyməyən
tanrı 50 yaşlı Rövşən Bağırova, 58 yaşlı Cəlil Baxşiyevəmi dəyəcəkdi? Bax bu da
real görsənmirdi. Bilirəm sizin bundan, bəlkə də, yenə xəbəriniz olmayacaq.
Artıq leriklilərində bir ümid yeri, xəbər edəcəkləri bir yer, ünvan qalmayıb.
Bilirəm, siz ümidləri dəfn edilən məni, mən Tanrını və
Tanrı da Azərbaycanı bağışlamayacaq.
Hörmətlə: Lerikli gənc Azər Kazımzadə