5 Nisan 2017 Çarşamba

MİSTER “X”-Rafiq Cəlilov yazır

Bir gün bir talış mollanı göndərirlər Şəkiyə ki, məsciddə axundluq eləsin. (qeyd: həmin molla Mirzə Fətəli Axundzadənin dədəsi olmayıb) Molla Şəkinin mərkəzində arabadan düşür, bir balaca uşaqdan məscidin yerini soruşur, uşaq buna məscidin yolunu göstərir….
Axşam Şəki camaatı yığışır məscidə ki, görək axund nə danışır, axund şablon sözləri işə salıb, camaata xitab edir:
– Camaat, mən sizə haqqın yolunu göstərəcəm, cənnətin yolunu göstərəcəm…
Elə bu vaxt həmin uşaq qalxır ayağa və mollanın sözünü kəsir:
– Sən heç məscidin yolunu tanımırdın, cənnətin yolunu necə tanıyırsan?…..

Məzhəkə-şou

Səbail Rayon Məhkəməsinin barəmdə çıxartdığı hökmdən apellyasiya şikayəti verdim, fevralın 9-da Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun hakimliyi ilə şikayətimə baxıldı, gözləntilərim özünü doğrultdu, yenə də bütün vəsatətlərim rədd edildi, hakim məhkəməni “şahid ifadələrinə ehtiyac yoxdur”la başladı….
İlk olaraq hüquqlarım polislər tərəfindən pozuldu, məni qeyri-qanuni olaraq maşınımdan düşürüb, həbs etdilər, əslində bu mənə bir siqnaldır, yəni “özünü yığışdır, basarıq içəri” mesajıdır, 9-cu polis bölməsində 3 saatadan artıq girov qismində saxlanıldım, nə saxlanılma səbəbi mənə izah edildi, nə də ki, ətraf mühüt ilə əlaqə qurmağıma imkan verildi. Bircə onu bilirdim ki, öz qeyri-qanuni əməllərinə “qanun” adlı donu geyindirmək üçün məni hökmən məhkəməyə aparmalıdırlar, elə də oldu, məni Səbail Rayon Məhkəməsinə apardılar, hakim Aytən Əliyeva mənim “tərcüməçi və vəkil” vəsatətlərimi rədd edərək, saxlanma səbəbini mənə izah etmədən, “şahid” qismində “dindirilən” polislərin “polisin qanuni əmrinə tabe olmayıb” nağılları əsasında mənə hökm oxudu, hətta mənim “hansı polisin qanuni əmrinə tabe olmamıışam, adını deyə bilərsinizmi?” atmacama da əhəmiyyət verilmədi, sifariş var idi ki, mənim barəmdə inzibati xəta hökmü olsun, bütün bunlar mənim gələcək həbsimə hesablanmış gedişlərdir, hətta mənim məhkəmə protokolu ilə tanış olmaq hüququm da tapdalandı, absurd bir cavab aldım: məhkəməyə ərizə ilə müraciət edib, sənədlərlə tanış ola bilərsiniz.(?) Etdim, ərizə yazdım, qeydiyyatdan keçirtdim, amma yenə də “get, 3-4 gündən sonra gələrsən, sədr üstünü yazmalıdır” kimi mücərrəd bir cavab aldım, zatən bu mənim konstitusion hüququmdur, ancaq konstitusiya xüsusi seçilmişlər üçün işlək bir mexanizm olduğu üçün, mənim kimi “obıvatel”lərə onun ancaq “qara” hissəsi şamil edilir. Bir neçə gündən sonra protokol ilə tanış olanda dəhşətə gəldim, guya mən “etiraf” etmişəm ki, “Dövlət Yol Polisi əməkdaşının qanuni əmrinə tabe olmamışam”….
… İndi aydın oldu niyə apellyasiya şikayətim şahidlərsiz keçirildi? Məhz tələm-tələsik verdikləri hökmdəki yanlışlığın ictimailəşməsindən çəkinirdilər…
….Hökmdə mənim məhz “DYP əməkdaşının” qanuni əmrinə tabe olmadığım göstərilirdi, dərhal həmən “DYP əməkdaşının” axtarışına çıxdım, yoxdur belə bir insan, qurama bir işdir ki, quyruğu elə ilk məhkəmədəcə görsəndi…
Apellyasiya məhkəməsi də eyni ssenari üzrə keçdi, ancaq bütün hallarda haradasa kiçik də olsa səhv buraxırlar, apellyasiya məhkəməsinin qərarında göstərilir ki, mən “ilkin məhkəmə instansiyasında heç bir vəsatət irəli sürməmişəm”, sonra isə yazılır ki, “inzibati xəta törətmiş şəxsin (yəni mənim) azərbaycan dilindən talış dilinə tərcüməçi tələbi rədd edilmişdir”, bəs deyirdiz mən vəsatət verməmişəm? Əgər sizə məhkəmənin ətalətli yox, ədalətli olması önəmli idisə, niyə mənim vəsatətlərimi rədd edirdiz?  Niyə tərcüməçi, vəkil tələblərimi yerinə yetirmədiz? Niyə apellyasiya şikayətimə şahidlərsiz baxdız? Niyə həmən polisi, hansının ki, əmrinə tabe olmamışam, müəyyən edib meydana çıxartmırsız? Niyə “mister X” kimi gizlətdiyiniz, əslində isə olmayan “DYP əməkdaşının müəyyən edilməsi” ilə bağlı vəsatətimi rədd edirsiz? Niyə boynunuza almırsız ki, heç vaxt ədalətli olmamısız, qərarı ya rüşvətlə, ya da kı “yuxarıların sifarişi” ilə vermisiz, siz heç vaxt haqqın-ədalətin yanında olmadız, daima şeytanın yanındasız və əminəm: Sizə cəhənnəmin yolunu göstərəcək molla və ya qeyrisi lazım deyil, siz o yolu artıq gedirsiz və ömrünüzdən ötən hər gün sizi o qır qazanına bir az da yaxınlaşdırır, cəhənnəmin istisini hiss edəndə isə gec olacaq, çox gec….

Xanəli Tolış

Bir ağsaqqalımız var: – Xanəli müəllim, uzun illər müəllimlik etmiş Xanəli mamu yaşayışında da, sözün bütün mənalarında, əsl müəllimdir. Yadıma gəlir, dərcinə bütün varlığımı qoyduğum və dərcini bərpa eytdiyim “Tolışi Sədo” qəzeti, mənim üçün bu gün də qaranlıq qalan səbəblərdən, bağlandı, mən, qəzet gözləyən oxucularımıza xatir, qəzetin adında cüzi dəyişiklik edib, “Tolışon Sədo” adı ilə dərcə başladım, ilk olaraq üstümə böyük basqılar oldu, çoxu mənə hürkə-hürkə baxırdı, zarafat deyildi, şəhid edilmiş USTAD Novruzəli Məmmədovun qəbri hələ soyumamışdı, Talışın köksündə bir elman quliyev xofu var idi və bu əsnada mən ilk dəstəyi məhz Masallıdan aldım, Masallı ziyalıları, xalqımızın rüşinfik ağsaqqalları Allahverdi müəllim, Camal müəllim və Xanəli müəllim mənə dəstək oldular, Xanəli müəllim onda belə bir cümlə işlətdi:
– Rafiq, sən qəzetin dərcini saxlama, heç kəs sənə yazı verməsə belə ağ kağız çıxart, təki onun adında TALIŞ sözü olsun, bizə qəbuldur.
Bu cür dəstəkdən sonra daha da həvəsləndim və qəzetimizi köşklərdə satdırmağı qarşıma məqsəd qoydum, bütün məqsədlərimə çatdım, qəzet həftəlik dərc edilir, köşklərdə satılır və abunə sistemi işləyirdi, düzdür, 2012-ci ildə d-r Hilal Məmmədovun həbsi mənim ictimai yükümü və maddi xərclərimi bir az da artırdı ki, bu da qəzetin dərcində öz əksini tapdı, qəzet yenə də həftəlik dərgidən aylıq dərgiyə keçəsi oldu, bu işdə bəzi insanların mənimlə apardıqları intriqalar da az rol oynamadı, təbii ki, bu sonucda Talış xalqının ziyanına işlədi, günü bu gün də biz həftəlik dərci bərpa edə bilmirik…
Deyəsən Xanəli müəllimi bəhanə edib mövzudan xeyli yayındım, sözümün canı odur ki, Xanəli müəllim daima öz nəcabəti ilə insanların yanında olmuş, onlara öz dəstəyini əsirgəməmişdir.
Yubileyiniz mübarək Xanəli MAMU
“Tolışon Sədo” N: 2(71)

28 fevral 2015

1 yorum:

  1. Demişdim axı, " Bu kriminallaşmış ölkə dağılmağa məhkumdur ".

    YanıtlaSil